Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti Başçısının 2017-ci ilin I yarımilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı

 
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirə
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi.
Ölkə başçısı ölkəmizin beynəlxalq əlaqələrindən danışaraq bildirdi ki, mən ilin altı ayında beşi Avropa ölkəsi, beşi isə  müsəlman ölkəsi olmaqla 10 xarici səfər etmişəm .
Prezidenti İlham Əliyev vurğuladı ki, Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir. Onların arasında əsas tədbirləri qeyd etmək istərdim. Bu il Bakıda V Qlobal Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilmişdir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Tramp məktub göndərmişdir.
Dövlət başçısı öz giriş nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer verərək bildirdi ki, əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə - danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir. Bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.
Ölkə başçısı ölkəmizin hərbi qüdrətindən danışaraq bildirdi ki, həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır.
Prezident İlham Əliyev qeyd etdi ki, məcburi köçkünlərin problemləri həmişəki kimi bu il də diqqət mərkəzində olubdur. Son illər yüzə yaxın qəsəbə salınmışdır. Ancaq onların arasında bu il açdığımız Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Açılışdan sonra mən növbəti Sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Sumqayıt və Bakı şəhərlərində həm yeni şəhərciklər tikilir, həm köçkünlər üçün mənzillər alınır və onlara verilir. Onların arasında Qaradağ layihəsini xüsusilə qeyd etmək istərdim. Orada min köçkün ailəsi məskunlaşacaq və bu, çox gözəl nümunədir.
Ölkə başçısı sahibkarlığın inkişafından danışaraq bildirdi ki, Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür.
Sosial məsələlərin həllinin daim diqqət mərkəzində olduğunu deyən ölkə başçısı qeyd etdi ki, beş milyondan çox insan bu il pulsuz müayinədən keçmişdir. Birinci altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. İyirmidən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır.
Dövlət başçısı giriş nitqində qeyri-neft iqtisadiyyatımızın 1,7 faiz, qeyri-neft sənayesinin isə 4,4 faiz artdığını bildirdi. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. İlin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Həmçinin Prezidenti İlham Əliyev büdcə ilə bağlı heç bir problemin olmadığını bildirdi.
Ölkə rəhbəri vurğuladı ki, bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı.
Dövlət başçısı bu ilin altı ayında ixracın 36 faiz artdığını, o cümlədən qeyri-neft ixracının altı ayda 27 faiz artdığını, bununla bərabər, idxalın 15 faiz azaldığını, kənd təsərrüfatının da 2,2 faiz artdığını qeyd etdi.
Prezident İlham Əliyevin yekun nitqində qeyd etdi ki, ilin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Düzdür, ilin ilk aylarında qiymət artımı müşahidə olunurdu. Ancaq son aylar ərzində demək olar ki, qiymətlər sabitləşib. İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin.
Ölkə rəhbəri bildirdi ki, Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır, Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib.
Ölkə başçısı aqrar sahədən danışaraq yeni aqroparkların yaradılmasının sürətlə aparıldığını və bu günə qədər 32 iri fermer təsərrüfatı yaradıldığını bildirdi. Həmçinin dövlət başçısı qeyd etdi ki,  indi 38 böyük aqropark yaradılır.
Dövlət başçısı inşaat sektorunun canlanması müşahidə olunduğunu bildirərək qeyd etdi ki, indi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır.
Prezident İlham Əliyev yekun nitqində dövlət məmurlarının davranış normaları ilə bağlı fikirlərini bildirərək dedi ki,  hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır.
Ölkə başçısı qazlaşdırma sahəsində qarşıya 95 faiz hədəfi qoyulduğunu, lakin qazlaşdırma səviyyəsi artıq 93 faizə çatdırıldığını bildirdi. Həmçinin dövlət başçısı  Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verildiyini bildirdi.
Dövlət başçısı qeyd etdi ki, bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Dövlət Proqramları və qarşıda duran vəzifələr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hesabat dövründə rayonumuzda aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirilmişdir: Gürgən  qəsəbəsinin  giriş  hissəsində  mərkəzi  yolun  kənarında Abşeron  memarlığını  özündə  əks  etdirən  qala  divarının  inşası  tamamlanmış və yol  kənarı  hissədə  dekorativ  hasarların inşası başa çatdırılmışdır. Qala  divarları 6  qüllə və bir bulaqdan ibarət olmaqla ümumilikdə 7  elementi özündə birləşdirir.  Ən  böyük  qüllə   11 m hündürlüyündədir. Qüllələrin diametri isə 3,8-4.4 m arasında dəyişir. Qüllələrin 3 ədədi  düzbucaqlı  digərləri  isə  dairəvi  formada  inşa  olunmuşdur. Ümumilikdə qala divarlarının uzunluğu 654 p/m-dir. Giriş hissədəki qüllələrin  üstündə iki ədəd Azərbaycan Respublikasının bayrağı quraşdırılmışdır. Dairəvi qüllənin üstündə 8 ədəd bayraq quraşdırılacaq metal konstruksiya düzəldilmişdir. Həmçinin Qala divarlarının üstündə daşdan yonulmuş 12 ədəd çıraq, gecə işıqlandırma sistemi ilə təchiz olunmuş Azərbaycan Respublikasının xəritəsi və Heydər Əliyev fondunun loqosu quraşdırılmışdır. Əraziyə qazon örtüyü salınmış, müxtəlif növ ağac və gül kolları əkilmişdir. Bundan əlavə divarların üzərində güldanlar quraşdırılmışdır. Hazırda “Qala Divarları” kompleksinin gecə işıqlandırma sisteminin quraşdırılması işləri aparılır. Qəsəbənin giriş hissəsində yerləşən tarixən mövcud olan  təbii  bulaq   yenidən  qurulmuşdur. Sudan  nümunə  götürülərək  laboratoriyada  yoxlanılmış  və  içməyə  yararlı  su  olduğu  müəyyən  olunmuşdur. Memarlıq  elementləri  ilə  zəngin olan bulağın  eni 4,2 m,  hündürlüyü  isə 3,4 m-dir. Bulağın sağ və sol tərəflərindəki sütunların üstündə daşdan yonulmuş 2 ədəd çıraq formalı element quraşdırılmışdır.
Gürgən  qəsəbəsinin giriş hissəsində yerləşən  mövcud  göl  çirkab  sulardan təmizlənmişdir. Gölün  ətrafında  4 m  enində yol  düzəldilmiş  və  perimetri  boyu  300 m  məsafədə qaya  daşları  düzülmüşdür. Gölün qırağında  hündürlüyü 9 m,  eni 12 m  olan  şəlalə  quraşdırılmışdır. Bundan əlavə gölün  üzərində  12 m  uzunluğunda  piyadalar  üçün   körpü  düzəldilmiş və gölün  ətrafında  oturacaqlar qoyulmuşdur. Burada  quraşdırılmış şəlalənin yanında, gölün daxilində  iki ədəd fontan düzəldilmişdir. Gölə əhalinin istirahəti üçün qayıqlar buraxılmışdır. Gölün yanında isə estetik gözəllik yaradan dekorativ yel dəyirmanı qurulmuşdur. Həmçinin gölün ətrafı   boyu və  mövcud  yamac  hissədə  yaşıllıqlar  salınmışdır.  Burada  kafenin  inşa  olunması  nəzərdə  tutulmuşdur. 
Mərkəzi  yol  boyu  dəniz  kənarında  “Gürgən” parkı ilə üzbəüz 200 m-lik  məsafədə 4 ədəd qayıq, neft çənləri, araba, quyu, tonqal, qaya  daşları, xırda daşlar  və s.  estetik  gözəllik  yaradan  elementlərdən  istifadə  olunmaqla “Balıqçı  Həyatı” kompozisiyası  qurulmuşdur.  Burada  balıqçı, neftçi  və onların ailəsindən ibarət 3 ədəd heykəl quraşdırılmışdır. Balıqçı torlarından  ibarət  çəpərlər  düzəldilmişdir.  Bundan  əlavə  ağac  kötükləri oyularaq içərisinə müxtəlif növ güllər əkilmişdir. Əraziyə qazon örtüyü çəkilmiş, ağac və müxtəlif  növ gül kolları əkilmişdir.
Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının inşası və yaxınlıqdakı Heydər Əliyev Mərkəzinin binasında tikinti işləri davam etdirilir. Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binada birinci mərtəbə inşa olunur. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılmış, ərazi inşaat hasarına alınmışdır.
Rayonun  Baş planı Fövqəladə Hallar Nazirliyinin Ekspertiza idarəsinə təqdim etmək üçün hazırdır. Həmçinin rayonun mərkəzi olan Pirallahı qəsəbəsinin Baş və müfəssəl planı hazırlanır, Gürgən qəsəbəsində isə “Yeni Şəhər”in salınması məqsədilə müvafiq layihələndirmə işləri aparılır.
Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə işlərinin aparılması işləri  başa çatdırılmışdır. Körpü istismara verildikdən sonra,  gəmilərin də körpünün altında sərbəst hərəkəti təmin  edilmişdir.
Pirallahı qəsəbəsinin mərkəzi Səməd Vurğun küçəsinin yenidənqurulması işləri tamamlanmışdır. Burada uzunluğu 8,5 km, eni 15-18 m olan, 4 zolaqlı müasir avtomobil yolu çəkilmişdir. Həmçinin  yol kənarı gecə  işıq  dirəklərinin  quraşdırılması işləri başa çatdırılmışdır. Bundan  əlavə  mərkəzi  yol  boyu  11 ədəd yeni  müasir  tipli sərnişin  avtobusu  dayanacaqları qoyulmuşdur. Səməd Vurğun küçəsi, mərkəzi yol  kənarında  yeni  avtomobil  dayanacağının  inşası  aparılır.   
Rayonda salınacaq “Yüksək Texnologiyalar Parkı”nda lahiyələndirmə işləri aparılır.
Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında işlər tamamlanmaq üzrədir.
K.Rzayev  küçəsində  məhəllələrdə  abadlıq  işləri  aparılaraq, ümumilikdə  16500 m2  asfalt  örtüyü  çəkilmiş, 3000 p/m  bardür  quraşdırılmışdır. Eyni zamanda K.Rzayev küçəsində 6, 12, 16, İ.Fioletov küçəsində 8, 14, 18, 20, 22 və S.Bağırov  küçəsində 3 №-li  yaşayış  binalarının fasadlarında  təmir  işləri  aparılmışdır.
Pirallahı qəsəbəsi, S. Vurğun  küçəsi, “Beton  zavodu”n  yaxınlığında   ölçüləri  l=12 m, h=1,2  m “Pirallahı”  yazısı  və  ölçüləri  isə  l=2 m, h= 5 m rayonun  simvolu  quraşdırılmışdır.  Simvol gecə işıqları ilə təchiz olunmuşdur.  Həmçinin yolun əks tərəfində   müxtəlif  ölçüdə  qaya  daşları  ilə  “Daş Kitabə” dekorativ  kompozisiyası  qurulmuşdur.  Onun  üzərində  isə  respublikamızda  mövcud  olan  tarixi  və  müasir  tikililəri, təbiət  mənzərələrini  özündə  əks  etdirən  rəsmlər  həkk  olunmuş, qaya  daşlarının  qabağında  Pirallahı  rayonunda  inşa  olunmuş  yeni  körpünün  maketi  quraşdırılmışdır.
Gürgən qəsəbəsində kommunikasiya  xətlərinin  keçirilməsi  üçün 11 ədəd yeraltı  giliz (patron)  qoyulmuşdur.  Magistral  yolun  çəkilişi  ilə  əlaqədar  35 kVt-lıq  hava  elektrik  xəttinin  yeraltına  salınması  işləri  aparılmışdır. 6 ədəd  mövcud  köhnə  hava  elektrik  dirəkləri  çıxarılmışdır. Həmçinin S.Vurğun küçəsi, mərkəzi yol kənarı boyu davam edən 6 və 35 kVt-lıq hava elektrik xətləri yeraltına salınmışdır. Burada hazırda  4 ədədi metal, 7-si isə beton olmaqla 11 ədəd köhnə dirəklər çıxarılaraq  yeni  transformator  məntəqəsi  quraşdırılır.
Hesabat dövründə Pirallahı   qəsəbəsində  qaz  xətlərinin  yeraltı  polietilen  borularla  əvəz olunması işləri davam  etdirilmişdir.
Rayon ərazisində  əhalini  təmin edən müxtəlif diametrli 1620 m su xəttinin yeri  dəyişdirilmişdir. K.Rzayev  küçəsi  2, 8, 12, 16, 18, 20, 22  və  24 nömrəli yaşayış  binalarının  zirzəmilərində  təmir  işləri  aparılmış  və  axıntıların  qarşısı  alınmışdır. Həmçinin  28, 29 və 40-cı məhəllələrdə, S.Bağırov  küçəsində yaşayış  binasının zirzəmisində borular dəyişdirilmiş  və zirzəmidən  çirkab  sular  nasoslar  vasitəsi  ilə  təmizlənmişdir. Bundan  əlavə  28-ci  məhəllə  ev  4  və  29-cu  məhəllə  ev  8-in  zirzəmisi  mütəmadi  olaraq  qrunt  sularından təmizlənmişdir. Yeni  asfalt  örtüyünün  çəkilməsi  ilə  əlaqədar  yağış  sularının  axıdılması  məqsədi  ilə  D= 200 mm-lik  110 m  drenaj  xətti  çəkilmişdir. Hesabat dövründə  3650  m  su  xətti  və  2190  m  kanalizasiya xətti  təmir edilmişdir. Pirallahı qəsəbəsi S.Vurğun, S.Bağırov, Gürgən qəsəbəsi  İ.Məcidov   küçələrində  xətlər  xüsusi  təyinatlı  maşınla yuyulmuşdur. Gürgən qəsəbəsində  əhalinin  bir  qismi  24  saatlıq  su  ilə  təmin  edilmişdir.
K.Rzayev küçəsində yerləşən “Yaşıl park”da  abadlıq işləri aparılmışdır. Yeni oturacaqlar quraşdırılmış, əraziyə  637 m2 asfalt-beton örtüyü çəkilmişdir. Müxtəlif növ gül və kol bitkiləri əkilmiş qazon örtüyü çəkilmişdir.
S.Vurğun küçəsində  baş plana uyğun olaraq salınacaq H.Əliyev parkının ərazisində işlərə başlanılmışdır. Ərazi torpaq tökülərək hamarlanmış və ətrafına 160 p/m dekorativ hasar quraşdırılmışdır.  Hazırda işlər davam etdirilir.
Pirallahı  qəsəbəsi, 28-ci məhəllədə  yeni yanacaqdoldurma  məntəqəsinin  inşası  aparılır.  Yanacaqdoldurma məntəqəsinin ofis binasının və avtoyuma məntəqəsinin tikinti-quraşdırma işləri davam etdirilir. 4 ədəd yanacaq çəni və 3 ədəd su çəni layihəyə uyğun olaraq yerləşdirilməsi işləri aparılmışdır. Yanacaqdoldurma məntəqəsində metal fermaların quraşdırılması  işləri  başa çatdırılmış, yanacaqdoldurma məntəqəsində D=300 mm 45  m  uzunluğunda  kanalizasiya  xətti  çəkilmiş, 2 ədəd  beton  quyu  quraşdırılmış, 250  m  uzunluğunda  elektrik  xətti  çəkilmiş, 1 ədəd  paylayıcı  qurğu  quraşdırılmışdır.
Pirallahı qəsəbəsində «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir.
Pirallahı  qəsəbəsi, S.Vurğun küçəsində  yerləşən  yaşıl  bazarda və ictimai-iaşə  obyektində, K.Rzayev küçəsində yerləşən yaşıl yarmarkada təmir-tikinti işləri  davam  etdirilir.
Sənaye və iqtisadiyyat
Rayon ərazisindən yerləşən “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi istiqamətində görülən işlər  yekunlaşmaq üzrədir.
Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisi davam etdirilir.
Pirallahı  qəsəbəsində  yerləşən  Sənaye  parkında    yeni  zavodun  təməli  qoyulmuş, müvəqqəti  inzibati  bina  quraşdırılmış  və  ərazi  hasara  alınmışdır. 
Pirallahı  adasının giriş hissəsində özündə balıqyetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksinin yaradılması istiqamətində işlər aparılmışdır. Kompleksin park hissəsi artıq başa çatmışdır.
Qapalı tipli balıqyetişdirmə fermasında ildə 75 ton rus nərəsinin və 25 ton çökənin əti, habelə 4 ton kürünün istehsalı planlaşdırılır. Həmin fermada dənizdən cuzi miqdarda təchiz olunan su zəruri filtrasiyadan keçirilərək durulur, duzluluğu müvafiq səviyyəyə çatdırılır və qapalı sistemdə təkrar dövriyyə olunur. Qeyd olunan texnoloji proses nərə balığı istehsalının təbii faktorların təzyiqlərindən qorunması və yetişdirmə templərinin artmasına imkan yaradır. İlkin mərhələdə kompleksin fəaliyyətinin xaricdən alınacaq kürü hesabına, növbəti mərhələlərdə isə bu sistemdə cinsi yetkinliyə çatmış dişi nərə balıqlarından alınacaq kürü hesabına təmin olunması nəzərdə tutulur. Qapalı sistemdə yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən 2 il müddətinə 5 kq əmtəə çəkisinə çatdırılır. Çökə balığından kürünün çıxarılması müddəti təxminən 3 il təşkil edir. Qapalı tipli ferma üçün zəruri olan texnologiyalar bu sahədə böyük təcrübəyə malik olan Hollandiyanın “Hesy Aquaculture BV” şirkəti tərəfindən təchiz olunaraq ərazidə işə salınacaqdır. Açıq tipli fermada ildə 50 ton rus nərəsinin yetişdirilməsi planlaşdırılır. Həmin fermada balıq istehsalı dənizdən gələn suyun intensiv mübadiləsi yolu ilə təmin olunur. Qapalı sistemdə inkubasiya olunmuş və müəyyən yaşa çatdırılmış nərə balığının bir qisminin sonradan açıq tipli fermanın hovuzlarına köçürülməsi və həmin hovuzlarda dəniz suyuna xas olan təbii mühitdə 5 kq-dan artıq çəkiyə çatdırılması və satışı planlaşdırılır. Qapalı və açıq tipli fermalarda yetişdirilən, habelə qanunvericiliyin tələblərinə zidd olmayan qaydada balıqçılar tərəfindən dənizdə tutulan balığın və balıq məhsullarının “Nərəkənd” kompleksində satışının təşkil olunması məqsədilə ərazidə balıqçı qayıqları üçün yanalma pantonları və zəruri normativlərə cavab verən ticarət məntəqəsi (balıq bazarı) yaradılmışdır. Ümumi sahəsi 384 m2 təşkil edən bu məntəqə 4 pavilyondan ibarətdir. Pavilyonlarda balığın satışı və saxlanması üçün zəruri şərait yaradılmış və müvafiq avadanlıqlar qurulmuşdur. Ərazinin yaşıllaşdırılması və əhalinin istirahəti üçün məqbul şəraitin yaradılması məqsədilə kompleksin ətrafındakı sahil zonası əhəmiyyətli dərəcədə abadlaşdırılmış və kompleksin daxilində müasir şəkildə park salınmışdır. Parkda oyun və idman meydançaları, sinema kafe və bu kimi digər istirahət obyektləri mövcuddur. Yuxarıdıkalara əlavə olaraq, kompleks çərçivəsində yelkən idman klubunun yaradılması və yelkənli qayıqlarla üzmənin təşkil olunması planlaşdırılır. Bununla yanaşı, kompleksin qonaqları üçün iaşə obyektlərinin də işə salınması nəzərdə tutulur. “Nərəkənd” layihəsi çərçivəsində həmçinin yaşayış kompleksinin, o cümlədən mehmanxana və kotteclərin tikintisi təklif olunur ki, həmin obyektlərin ilkin konsepsiyası layihədə öz əksini tapmışdır.
Pirallahı rayonunda istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə “İstehlak bazarında və sahibkarlıq fəaliyyətində sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üzrə Komissiya” yaradılmış və Komissiyanın İşçi Qrupu tərəfindən rayonda fəaliyyət göstərən ticarət obyektlərində, apteklərdə monitorinqlər aparmış və hər hansı qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə halları müşahidə olunmamışdır. 2017-ci ilin müvafiq dövrü ərzində rayonda fəaliyyət göstərən ticarət obyektlərində aparılmış monitorinqlər zamanı gündəlik istehlak olunan ərzaq məhsullarının çoxunun qiymətinin ucuzlaşması və bəzilərinin qiymətinin isə dəyişməz qaldığı müəyyən edilmişdir.
2017-ci ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrində baş verən dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafını və onlara mütənasib olaraq, sosial məsələlərin uğurla həll edildiyini göstərir. Belə ki,  2017-ci ilin 1-ci rübü ərzində rayonun sənayesində 130088,3 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 115,9 faiz təşkil edir (15,9 faiz artım). Sənaye istehsalının 98,4 faizi məhsul istehsalının, 1,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşür.Sənaye məhsulunun 99,9 faizi mədənçıxarma, 0,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal olunmuşdur. Tikinti sahəsində çalışanların orta aylıq əmək haqqı yanvar-fevral  aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  60,2 faiz artaraq 785,7 manat təşkil etmişdir.
Pirallahı rayonu üzrə 2017-ci ilin yanvar-mart aylarında məşğulluq xidmətində işsiz kimi 4 nəfər qeydiyyata alınmış, 4 nəfər işsizliyə görə müavinət almışdır. Pirallahı rayonu üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 128 nəfər artaraq 7640 nəfər olmuşdur. 2017-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının məbləği 9,2 faiz artaraq 1350,5 manat olmuşdur.
2017-ci ilin birinci yarımili ərzində Pirallahı rayonunun NQÇ idarələri üzrə iqtisadi (hasilat) göstəricilər aşağıdakı kimi olmuşdur: Rayonun “28 May” NQÇİ-də 6 ay ərzində 1973754 ton neft hasil olunmuşdur (plan 2027200 ton). Plan 97,36% yerinə yetirilmişdir. Qaz hasilatı 2138058 min m3  olmuşdur (plan 2155200 min m3). Plan 99,20% yerinə yetirilmişdir. Rayonun “Neft Daşları” NQÇİ-də 6 ay ərzində 499206 ton neft hasil olunmuşdur (plan 488400 ton). Plan 102,21% yerinə yetirilmişdir. Qaz hasilatı 32720 min m3 olmuşdur (plan 32720 min m3 ). Plan 100,00% yerinə yetirilmişdir. Rayonun “Abşeronneft” NQÇİ-də 6 ay ərzində 195873 ton neft hasil olunmuşdur (plan 174600 ton). Plan 112,18% yerinə yetirilmişdir. Qaz hasilatı 20632 min  m3 olmuşdur (plan 19840 min  m3 ). Plan 103,99% yerinə yetirilmişdir.
Ekoloji tədbirlər və turizmin inkişafı
Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir.  Həmçinin rayonda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Hesabat dövründə  Pirallahı  rayonunda  25000  ədəd  müxtəlif  növ həmişəyaşıl  və  meyvə  ağacları  əkilmiş, 30000  m2 sahəyə  isə  qazon  örtüyü əkilmişdir. Mərkəzi  yol  kənarı  boyu  müxtəlif  landşaft  kompozisiyaları  düzəldilmiş, torpaq  tökülərək  yamaclar,  təpələr  qurulmuş, hamarlanma  işləri aparılmış, qaya daşları, gül və  kol  bitkiləri  ilə  bəzədilmişdir. Həmçinin  mərkəzi  yol  kənarı  boyu  yolun  hər  iki  tərəfində estetik  gözəllik  verən  dekorativ  çəpərlər  quraşdırılmışdır.
Rayon  ərazisində olan yaşıllıqların  mütəmadi  olaraq  suvarılması,  qazonların biçilməsi  işləri  aparılmışdır. Mərkəzi  yol  kənarı  boyu  mövcud  yaşıllıq  ərazilərdə  torpaq  tökülərək  hamarlanma  işləri  aparılmış və rayon  ərazisinin təmizliyi  mütəmadi  olaraq  gündəlik  təşkil  olunmuşdur. Ekologiyaya ciddi zərbə vuran süni göllərin qurudularaq yerində yeni yaşayış massivlərinin, abad məhəllələrin salınması üçün müvafiq tədbirlər görülmüşdür.
Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon  ərazisinin əsasən adalardan (Pirallahı, Çilov) ibarət olması buna daha çox zəmin yaradır. Pirallahı adasının sahil boyu ən əlverişli yerləri ayrılmaq şərti ilə həmin ərazilərdə dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər (sahilyanı zolaqda yerləşdirilmiş), idman-konsert kompleksi (açıq havada), yaxt-klub, sörfinq klubları və s. yaradılması üçün əlverişli şərait vardır.
Əhalinin sosial-rifah halının yüksəldilməsi
Hesabat dövründə şəhid, aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, məcburi köçkün ailələri daim diqqətdə saxlanılmışdır. Həmçinin rayonda ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə görülən işlər gücləndirilmiş, əhalinin sağlamlığının qorunması məqsədilə sakinlərin tibbi müayinədən keçirilməsinə ciddi nəzarət olunmuş və idmanın kütləviliyinin artırılması üçün müvafiq addımlar atılmışdır. Ümumilikdə rayonda ictimai-siyasi vəziyyət və dini durum sabitdir.
Etnik tərkibi zəngin olan Pirallahı rayonunda 01 iyul 2017-ci il tarixinə rayon əhalisinin ümumi  sayı 20241 nəfər olmuşdur ki, bunlardan Pirallahı qəsəbəsi üzrə 16971 nəfər, Gürgən qəsəbəsi üzrə 1175 nəfər, Çilov qəsəbəsi üzrə 1692 nəfər, Neft Daşları qəsəbəsi üzrə 403 nəfər olmuşdur. 2017-ci ilin arxada qalan dövrü ərzində  rayon üzrə doğumların sayı 89 nəfər, ölümlərin sayı 45 nəfər, nikahların sayı 31 nəfər, boşanmaların sayı 18 nəfər, rayon üzrə qeydiyyata düşənlərin sayı 20 nəfər, qeydiyyatdan çıxanların sayı 8 nəfər olmuşdur. Rayon əhalisinin 10315 nəfərini (50,96%) kişilər, 9926 nəfərini (49,04%) isə qadınlar təşkil edir. İlin əvvəli ilə müqayisədə rayon əhalisinin sayı 57 nəfər (təbii artım 44) artmışdır. 
Sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq uşaqlar, yeniyetmələr, gənclər, ahıllar və idmançılara həsr olunmuş müxtəlif tədbirlər təşkil olunmuşdur.
02 aprel 2017-ci il tarixində şəhid Sarvan Natiq oğlu Mehralıyevin il mərasimi keçirildi. Geniş izdihamlı mitinqlə başlayan mərasimdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, “Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi”nin idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkilləri Elman Məmmədov və Xanhüseyn Kazımlı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, "Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov,  Müdafiə Nazirliyinin idarə rəisi Rasim Əliyev, digər rəsmi şəxslər, Pirallahı və Xocalı  rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.   
04 aprel 2017-ci il tarixində Pirallahı rayonunda “Dini vəhdət, qarşılıqlı hörmət milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda tədbir keçirildi.
07 aprel 2017-ci il tarixdə Pirallahı rayon məktəbliləri arasında Şəhid Sarvan Mehralıyevin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini futbol turniri keçirildi.
07 aprel 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının RİH-nin ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
12 aprel tarixində tanınmış nasir, şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəzir oğlu Məsimovla görüş keçirildi.
16 aprel 2017-ci il tarixdə Pirallahı rayonunda rus icmasının Pasxa bayramı qeyd edildi.
18 aprel 2017-ci il tarixdə Pirallahı rayonunda göz müayinəsi aksiyası keçirildi.
20 aprel 2017-ci il tarixdə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
21 aprel 2017-ci il tarixdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin hesabat-seçki konfransı keçirildi.
15 fevral 2017-ci il tarixdən 15 may 2017-ci il tarixə qədər Respublikanın hər yerində olduğu kimi Pirallahı rayonunda da əhalinin tibbi müayinəsi yüksək səviyyədə təşkil olunmuşdur. Tibbi müayinədən keçənlərin 18 yaşdan yuxarı əhalinin sayına nisbəti 84,75 faiz təşkil etmişdir.
28 aprel 2017-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı və 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının kollektivinin fəallığı ilə görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə növbəti qanvermə aksiyası keçirildi.
01 may 2017-ci il tarixdə Pirallahı rayonunda İslam Həmrəyliyi Oyunları ilə bağlı RİH başçısının sərəncamı ilə yaradılan işçi qrupun növbəti toplantısı keçirildi
05 may 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası  Pirallahı Rayon Təşkilatının birinci konfransı keçirildi.
08  may 2017-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində alman faşizmi üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş Böyük vətən müharibəsi iştirakçıları və arxa cəbhə veteranları ilə görüş keçirildi.
10 may 2017-ci il tarixdə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Pirallahı rayonunda silsilə tədbirlər keçirilir
11 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pirallahı rayonunda oldular. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən müasir avtomobil yolu körpüsünün açılış mərasimində iştirak etdilər. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı qəsəbəsindəki S. Vurğun küçəsində aparılan yenidənqurma işləri ilə tanış oldular və yeni çəkilmiş yolun açılışında iştirak etdilər.
16 və 24 may tarixlərində Pirallahı rayonunda “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirildi.
17 may 2017-ci il tarixində Pirallahı rayonunda “Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirildi
18 may- 18 iyun 2017-ci il tarixləri arasında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər təşkil olundu.
26 may 2017-ci il tarixində Pirallahıda 28 May – Respublika Günün və Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi ilə əlaqədar həsr olunmuş tədbir keçirildi.
20-29 may 2017-ci il tarixləri arasında səyyar “ASAN xidmət” Pirallahı rayonunda oldu və 733 nəfər rayon sakininə xidmət göstərdi.
01 iyun 2017-ci il tarixində Pirallahı rayonunda “Uşaqların Beynəlxalq Müdafiə Günü"nə həsr olunmuş ümumrayon tədbiri təşkil olundu.
13 iyun 2017-ci il tarixində Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri və genişmiqyaslı iməclik aksiyası təşkil olundu.
14 iyun 2017-ci il tarixində Pirallahı rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri təşkil olundu.
23 iyun 2017-ci il tarixində Pirallahıda dövlət qulluqçularının peşə bayramı qeyd olundu.
24 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının silahlı Qüvvələr günü münasibətilə Pirallahı rayonunda yerləşən “N” saylı hərbi hissədə bayram tədbiri keçirildi.
24 iyun 2017-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü’’nə həsr olunmuş tədbir keçirildi.
2017-ci ilin arxada qalan dövrü ərzində Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bütün tədbirlərdə kütləvi informasiya vasitələrinin iştirakı və həmin tədbirlərin mətbuatda işıqlandırılması təmin edilmişdir. Göstərilən müddət ərzində Pirallahı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru tərəfindən rayonda görülən bütün işlərə və keçirilən tədbirlərə aid foto və video materiallar arxivləşdirilmişdir. Eyni zamanda Pirallahı Rayon İcra Hakimiyyətində mövcud olan proqram təminatının işlək vəziyyətdə olması təmin edilmişdir.
Vətəndaşların qəbulu, işsizlik probleminin həlli
Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2017-ci ilin birinci yarımili ərzində vətəndaşların qəbulu, onların ərizə, təklif və şikayətlərinə baxılması qanunla müəyyən edilmiş qaydada və operativ təmin edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı Aparatına 2017-ci ilin birinci yarımilii ərzində 122 müraciət daxil olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 17 müraciət azdır. Daxil olan müraciətlərin 91-i ərizə, 31-i isə şikayətdir. Müraciətlərin 50-si bilavasitə RİH-ə vətəndaşlardan, 63-ü Prezident Administrasiyasından, 1-i Nazirlər Kabinetindən, 8-i respublikanın digər təşkilatlarından daxil olmuşdur. 2017-ci ilin birinci yarımilliyində cavablandırılan müraciətlərin 19-u müsbət həll olunmuş, 84-nə müvafiq izahat verilmiş, 13-ü isə əsassız sayılmışdır.
Hesabat dövründə  Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Aparatda 24 qəbul keçirilmiş və 85 nəfər sakinin müraciəti dinlənilmişdir. Qəbullarda RİH başçısı Aparatının əməkdaşları, rayonun struktur bölmələrinin rəhbərləri iştirak etmiş, vətəndaşların problemlərinin həllində lazımi köməklik göstərilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Eyni zamanda RİH başçısı tərəfindən 966 nəfərdən çox rayon sakininin iştirakı ilə keçirilmiş 22 səyyar görüşdə 172 nəfər vətəndaşın müraciəti dinlənilərək müvafiq tapşırıqlar verilmişdir.
Hesabat dövründə işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə  bir sıra tədbirlər görülmüşdür. Belə ki, Pirallahı rayonunda 2017-ci ilin yanvar-mart aylarında 154 yeni iş yerləri açılmışdır. Onlar daimi iş yerləridir. 2013-cü ilin aprelin 1-dən 2017-ci ilin aprelin 1-i vəziyyətinə qədər olan dövr ərzində cəmi 568 yeni iş yerləri açılmışdır.
Perspektiv inkişaf
Rayonumuzda aparılan abadlıq-qurucluq işləri onu deməyə əsas verir ki, 2017-ci ilin arxada qalan dövrü ərzində qarşıya qoyulmuş vəzifələr uğurla icra olunmuşdur.
Rayon ərazisində 297 ədəd 1 mərtəbəli və hündürmərtəbəli binaların qəzalı vəziyyətdə olması ilə əlaqədar tədbirlər nəzərdə tutulur, eləcə də zirzəmilərin təmizlənməsi, blokların və dam örtüklərinin təmiri, hündürmərtəbəli binaların əsaslı təmiri istiqamətində müvafiq işlər görüləcəkdir. Həmçinin «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində işlər, abadlıq və yaşıllaşdırma sahəsində görülən tədbirlər günün tələblərinə uyğun davam etdiriləcəkdir. 
Gələcəkdə rayon ərazisində Gənclər evinin tikintisi planlaşdırılır. Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması və həmin mərkəzdə istirahət obyektlərinin inşası nəzərdə tutulur. Gələcəkdə RİH-nin hazırda inşa edilən inzibati binasının qarşısındakı parkın abadlaşdırılması, dənizkənarı parkın salınması planlaşdırılır. 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının tikintisi, 14 saylı Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulmuşdur. Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və idman meydançalarının yaradılması nəzərdə tutulur. Artıq 5 əlavə idman meydançasının yaradılması üçün yer müəyyən edilmişdir.
Pirallahı rayonunda alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması davam etdiriləcəkdir. Gələcəkdə Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması nəzərdə tutulur.
Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır. Yeni avtobus marşrutlarının açılması ilə sərnişinlərin rahatlığı təmin olunacaqdır. Eyni zamanda rayon ərazisində qeydiyyatsız yaşayanların müəyyən olunması və bələdiyyə tərəfindən 2007-ci ilə qədər təsərrüfat məqsədilə ayrılmış torpaq sahələrində qanunsuz inşa edilən qeyri-qanuni tikililərin sənədləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Ölkə başçısı 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etmişdir. Rayonumuzda həyata keçirilən işlər, icra edilən dövlət proqramları onu deməyə əsas verir ki, 2017-ci ilin qalan dövrü də, “İslam Həmrəyliyi ili” kimi, Pirallahı sakinlərinin ruh yüksəkliyi ilə uğurla başa vurulacaqdır.
Vasif İmanov,
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı
Keçidlər