Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

   
    Pirallahı rayonunun eyni adlı qəsəbəsi Xəzər dənizində ada olduğu üçün dörd tərəfdən su ilə əhatə olunmuşdur, sahil boyu uzunluğu 23-40 km-ə qədərdir. Qəsəbənin asfaltlanmış yollarının ümumi uzunluğu meydançalarla birlikdə 26 hektardır.
     Pirallahı qəsəbəsində 15 küçə vardır. Qəsəbənin hər bir küçəsi mərkəzləşdirilmiş kanalizasiya xətti və su xətti ilə təmin olunmuşdur. Eyni zamanda hər bir küçəsi asfalt yollarla mərkəzi magistral yola birləşdirilmişdir. 
    Qəsəbədəki yaşıllıqların ümumi ərazisi park, xiyaban və ağaclıqlar daxil olmaqla 34,03 hektar təşkil edir. Qəsəbənin ayrı-ayrı yerlərində istirahət guşələri, uşaqların əylənməyi üçün xüsusi yerlər ayrılmışdır.
    Vətənimizin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsini əbədiləşdirmək üçün Pirallahı qəsəbəsində “Vətən uğrunda” abidə-kompleks inşa edildi. Kompleksin ümumi sahəsi 2800 kvadratmetr təşkil edir. Kompleks, aypara formasında inşa edilib və yuxarıdan baxanda aypara və səkkizguşəli ulduz şəklində görünür. Qəsəbənin mərkəzində yerləşən bu abidədə 36 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunub. Şəhidlərin şəkilləri həkk olunmuş 18 lövhə abidənin bir hissəsində, 18 lövhə isə o biri hissəsində yerləşdirilib. Abidənin sağ və sol hissəsində öndə Pirallahı rayonunun milli qəhrəmanlarının – Yavər Əliyev və Rasim İbrahimovun şəkilləri yerləşdirilmişdir.
  2001-ci ildə V.Mustafazadə adına mədəniyyət sarayının ön tərəfində şəhidlərimizin xatirəsiunə “Yanar məşəl” abidəsi ucaldılmışdır.
      Rayonda 6 orta məktəb, 5 uşaq bağçası  fəaliyyət göstərir.
    Rayonda 3 mədəniyyət evi, bir musiqi məktəbi, uşaq yaradıcılıq mərkəzi fəaliyyət göstərir.
    Rayonda 2 poçt və 2 ATS vardır.
     Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində salınacaq “Yüksək Texnologiyalar Parkı”nda lahiyələndirmə işləri aparılır.
     Pirallahı  adasının giriş hissəsində özündə balıqyetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksinin yaradılması istiqamətində işlər aparılmışdır. Kompleksin park hissəsi artıq başa çatmışdır. Qapalı tipli balıqyetişdirmə fermasında  ildə 75 ton rus nərəsinin və 25 ton çökənin əti, habelə 4 ton kürünün istehsalı planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 01 avqust 2017-ci il tarixli "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Pirallahı rayonunda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi və qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni çoxmənzilli binaların tikintisi nəzərdə tutulub.    Ölkə başçısının sərəncamına əsasən Rayon İcra Hakimiyyətinin inzibati binasında işlər davam etdirilir. Binanın ümumi sahəsi 3485 kvadrat metr, tikinti sahəsi 1224 kvadrat metr, həcmi 20321 kub metr təşkil edəcək. Bundan əlavə, Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yeni yaşayış binalarının tikintisi üçün ayrılmış ərazi hasara alınmışdır.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri Pirallahı rayonu ərazisində Sənaye Parkının yaradılması haqqında sərəncam imzalamışdır. Pirallahı Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPICO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Pirallahı Sənaye Parkında “Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulunun istehsalı nəzərdə tutulur. Pirallahı Sənaye Parkının rezidenti - “Diamed Co” MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 100 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır. Bu zavodlar yaxın zamanda istifadəyə veriləcək. Bu müəssisələr, eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması prosesinə də böyük təkan verəcəkdir. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır. 
   Pirallahı qəsəbəsi, 28-ci məhəllədə yeni yanacaqdoldurma  məntəqəsi istifadəyə verilmişdir.
   Hazırda rayon ərazisində su və kanalizasiya infrastrukturu yenidən qurulur və yaxın vaxt ərzində başa çatdırılması planlaşdırılır.
   Pirallahı qəsəbəsi Süleyman Bağırov küçəsindəki çirkab mənbəyi olan və  4 hektardan çox ərazini əhatə edən göl, o cümlədən, qəsəbə qəbristanlığının yaxınlığında  5,15 hektar ərazini əhatə edən 4 ədəd çirkab mənbəyi olan göl  qurudulmuş və istifadəyə yararlı vəziyyətə gətirilmişdir
   Bundan başqa qəsəbədaxili yolların işıqlandırılması, həmçinin Pirallahı qəsəbəsində 5 və 4 mərtəbəli binaların  fasadlarının təmiri istiqamətində işlər aparılır.
   Eyni zamanda qəsəbəni tam şəkildə təmin edə biləcək  strateji əhəmiyyətli gündəlik tələbat məhsullarının istehsalatının yaradılması , adanın ekoloji cəhətdən və istifadəyə yarasız olan hissəsində yeni yarımstansiya, su anbarı, kanalizasiya sutəmizləyici qurğusu, məişət tullantılarının utilizasiyası məqsədli müəsisənin yaradılması, qazpaylayıcı məntəqəsinin qurulması perspektiv plandadır.
    Rayonumuz günü-gündən inkişaf edir, gözəlləşir.

 

 
 
 

 

Keçidlər