Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqilliyimizin, monolit birliyimizin, iqtisadi inkişafımızın təməl günü

03 oktyabr 2018 | 11:00
    Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
     Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
    Ulu Öndər həyatının bütün mərhələlərində Azərbaycana xidmət edib. “Mən həmişə xalqla bir olmuşam, xalqın taleyini öz taleyim bilmişəm. Həyatımı xalqın xoşbəxtliyinə həsr etmişəm və son nəfəsimədək bu yolda mübarizə aparacağam” deyən Heydər Əliyev vədinə sadiq qalaraq Azərbaycan Respublikası kimi qüdrətli və sürətlə inkişaf edən bir dövlət qurub. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik edən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə nəinki xalqımızın ən parlaq siması, eləcə də, dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub. Ulu öndərin rəhbərliyi dövründə Azərbaycan, tarixi inkişaf və misilsiz tərəqqi yolu keçib.  1993-cü ildə  xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev  Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmaq  təhlükəsindən xilas edib. Uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan dövlətçiliyinin sarsılmaz siyasi-iqtisadi, milli və demokratik əsasları yaradılıb. Ulu Öndərin ordu quruculuğu, sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunması, azərbaycançılıq ideologiyasının formalaşdırılması və digər taleyüklü məsələlərin həllində misilsiz xidmətləri var. Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün Azərbaycana siyasi-iqtisadi dividentlər gətirir və ona böyük perspektivlər  vəd  edir. Qədirbilən Azərbaycan xalqı öz böyük oğlunun xatirəsini daim uca tutur. Ulu Öndərin memarı, müəllifi və qurucusu olduğu müstəqil Azərbaycan Respublikası bu gün yaşayır, onun quruculuq yolu yeni meyarlarla zənginləşdirilərək davam etdirilir, ölkəmizdə qlobal əhəmiyyətə malik layihələr həyata keçirilir. Azərbaycan bu gün zirvələr fəth edir, regional təhlükəsizliyə öz töhfəsini verir. Paytaxt Bakı şəhəri, qədim Naxçıvan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib. Bütün bu möhtəşəm uğurların təməli yeni mərhələdə -1993-cü ildən başlanan Heydər Əliyev siyasi xətti ilə qoyulub.
      Ümummilli Liderin qarşıya qoyduğu əsas vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur.
     Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
Keçidlər