Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı gənclərinin Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiyası təşkil olunub

18 sentyabr 2018 | 11:00
    18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə rayon gənclərinin Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiyası təşkil olunub.
    Eksponatlarla tanış olan gənclərə dahi bəstəkarın həyat və fəaliyyəti, əsərləri barədə məlumat verilib. Qeyd olunub ki, Şərqdə ilk opera (“Leyli və Məcnun”) ilə yanaşı, ilk operettanın da yaranması Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu bütün dünyada məşhurlaşdırıb. Böyük bəstəkar, həmçinin 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, romanslar, kamera və xor üçün əsərlər yazıb.
    Qeyd edək ki, 18 sentyabr xalqımız üçün böyük bayram günüdür. Bu gün dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Korifey sənətkar eyni zamanda Azərbaycan himninin möhtəşəm musiqisinin müəllifidir. Azərbaycan, rus və dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaratmış böyük bəstəkar ömrünün təqribən 45 ilini bu işə həsr etmişdir. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alındı.
 
Keçidlər