Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı müəllimlərinin ənənəvi sentyabr konfransı keçirildi

11 sentyabr 2018 | 11:00
    Sentyabrın 11-də 2017-2018-ci tədris ilinin yekunlarına və 2018-2019-cu tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdən əvvəl Rayon İcra Hakimiyyəti və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən 100-dən artıq aztəminatlı ailədən olan şagirdə məktəbli forması paylanıldı. Tədbirdə Pirallahı RİH-nin, eləcə də digər idarə və müəssisələrin əməkdaşları, rayonun orta məktəblərinin pedoloji heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanova verildi.
    RİH başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğuladı, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd etdi.
    İl ərzində rayon təhsilinin qazandığı nailiyyətlərdən və çatışmazlıqlardan söz açan V.Səfixanov Pirallahı rayonunun tam orta məktəblərinin ötən tədris ilindəki fəaliyyəti barədə danışarkən ilk növbədə qeyd etdi ki, ümumilikdə 2017-2018-ci tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, 6 məktəb üzrə 177 məzundan 131 abituriyent ali məktəblərə sənəd vermiş və bunlardan 101 nəfəri tələbə adını qazanmışdır. Məktəbi bitirənlərin sayına nisbətən sənəd verənlər 74 %, sənəd verənlərin sayına nisbətən qəbul 77 % olmuşdur. Bu isə keçən illə müqayisədə məktəbi bitirənlərin sayına nisbətən sənəd verənlər 18 % çox,  sənəd verənlərin sayına nisbətən qəbul isə  3 % azdır. Beləliklə keçən ilə müqayisədə qəbul olunanların sayı 19 nəfər çoxluq təşkil edir. 2017-2018-cı tədris ilində ali məktəblərə qəbul olanların 21 nəfəri (21 %) 200-dən 300-dək bal, 17 nəfəri (17 %) 300-400 bal arası, 21 nəfəri (21 %) 400-500 bal arası, 15 nəfəri (15%) 500-600 bal arası,  6 nəfəri (6 %) isə 600-dən yuxarı bal toplamışdır. keçən illə müqayisədə 400-500 bal toplayanlar 6 nəfər, 500-600 bal toplayanlar 6 nəfər, 600-dən yuxarı bal toplayanlar isə 3 nəfər çoxdur. Sevindirici haldır ki, bu il rayon tarixində bir nəfər ilk dəfə olaraq 168 nömrəli tam orta məktəbin şagirdi Məmmədzadə Leyla Teyyub qızı 687 bal toplayaraq Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur.
    Bu il tələbə adı qazanmış məzunların təhsil alacaqları ali məktəblərdə də Pirallahı rayonunun adını daim yüksəltməyə çalışacaqlarına inam ifadə edən natiq bildirdi ki, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 2797 şagirdin təlim-tərbiyəsi ilə 243 müəllim məşğul olur. Rayon ərazisində yerləşən bütün orta məktəblər Dövlət Proqramına əsasən əsaslı təmir edilir, müasir avadanlıq və kompüter sistemi ilə təchiz olunur. 2018/2019-cu tədris ilinə hazırlıqla əlaqədar 235 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri artıq yekunlaşdırılmışdır. Məktəbin idman zalı, soyunub-geyinmə otaqları, sinif otaqlarının, dəhlizlərin təmiri başa çatdırılmış, həyətdə yerləşən futbol meydançası yenidən qurularaq şagirdlərin istifadəsinə verilmişdir. Bundan əlavə idman zalı müasir tipli idman avadanlıqları ilə təchiz olunmuşdur. Rayon ərazisində yerləşən digər məktəblərdə də kosmetik təmir işləri görülmüş və yeni tədris ilinə hazır vəziyyətə gətirilmişdir.
     Bakı Mühəndislik Universiteti Texnoparkının direktor müavini, Yeni Fikir startap müsabiqəsinin təsisçisi, elm-təhsil-biznes əməkdaşlığı üzrə ekspert, dosent İsa Qasımov, 186 №-li tam orta məktəbin direktoru Şakir Mikayılov və başqaları ümummilli lider Heydər Əliyevin təhsillə bağlı siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, Azərbaycanın  I Vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərməsini vurğulamışlar. Pirallahı Rayon İcra Hakimiyyətinin rayonda təhsilin inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmişdir.
     Daha sonra Beynəlxalq forumda Azərbaycanı uğurla təmsil edən gənc ixtiraçılar Reyhan Camalova və Zəhra Qasımzadə çıxışlarında öz layihələri və gələcək planları barədə geniş məlumat verdilər.
      Çıxışlardan sonra startap layihəsinə və Pirallahı rayonu üzrə ən yüksək bal toplamış şagirdlərimizə həsr olunmuş videoçarx nümayiş olundu.
     Sonra gənc nəslin təhsil və təlim-tərbiyəsində xidmətlərinə görə fərqlənən rayonun təhsil işçilərinin və qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış keçmiş abituriyentlərin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılma mərasimi keçirildi.
      Tədbirə yekun vuran V.Səfixanov ölkə Prezidenti İlham Əliyevin 24 avqust 2004-cü il tarixli Sərəncamına əsasən qeyd edilən 15 sentyabr - "Bilik günü" münasibəti ilə toplantı iştirakçılarını bir daha təbrik etdi, təhsilimizin inkişafı, xalqımızın işıqlı gələcəyinin təmin olunması istiqamətində fəaliyyət göstərən hər bir kəsə uğurlar arzuladı.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər