Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “məişət zorakılığının qarşısının alınması üzrə monitorinq qrupu”nun iclası keçirildi

10 avqust 2018 | 11:00
      Avqustun 9-da Pirallahı rayonunda “məişət zorakılığının qarşısının alınması üzrə monitorinq qrupu”nun iclası keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, başçının müavini Anara Hacıbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və komitənin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova, rayonun idarə və təşkilatlarının təmsilçiləri iştirak etdilər.
     Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov çıxış edərək ölkəmizdə məişət zorakılığına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu və onun işləmə mexanizmi barədə geniş məlumat verildi. Adıçəkilən qanunun tətbiqi ilə bağlı rayon üzrə yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması monitorinq qrupunun fəaliyyətindən ətraflı söhbət açdı. Son illər rayonda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat verildi.
     Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının qorunmasının dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, o cümlədən gender bərabərliyinə böyük önəm verildiyini bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda qadın siyasətinin əsası qoyulub və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycan Respublikası qadın hüquqlarının müdafiəsi üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılıb.
     S.Qəhrəmanova əhali arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarının qarşısının alınmasının zəruriliyini qeyd edərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında danışıb, bu işin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək yerli şəraitə uyğunlaşdırılmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyəti qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsi vacibdir. Erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə üsulları barədə məlumat verilib.
     Rayon İcra Hakimiyyəti başçısının  müavini Anara Hacıbəyli tədbirin əhəmiyyəti və zəruriyyəti haqqında danışdı, məişət zorakılığına qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı.
     Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək ölkəmizdə məişət zorakılığı ilə bağlı imzalanmış Fərman və sərəncamlar, qəbul edilmiş qanun və qərarlarla yanaşı, ictimai diskussiyalar və sosial maarifləndirmələrin sözügedən problemin tənzimlənməsinə böyük təsir göstərdiyini qeyd etdi.
     Çıxışlarda ailə dəyərlərinin müəyyən təsirlərə məruz qalmasına baxmayaraq, qorunub saxlanıldığı bildirilib və bu dəyərlərin yad təsirlərdən qorunmasının zəruriliyi vurğulanıb. Xüsusilə məişət zorakılığının qadın və uşaqlar arasında törətdiyi fəsadların əslində milli-mənəvi dəyərlərimizə yad olduğu diqqətə çatdırılıb.
 
 
Keçidlər