Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Novruz bayramı milli ruhda qeyd edildi

17 mart 2018 | 11:00
   “Bakı şəhərində “İlaxır çərşənbə” günü-Novruz bayramı münasibəti ilə tədbirlərin keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin 19 fevral 2018-ci il tarixli 78 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur. Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmiş, müxtəlif meyvə və həmişəyaşıl ağaclar əkilmişdir. Novruz bayramı münasibətilə aztəminatlı sakinlərə, Qarabağ müharibəsi əlilləri və veteranlarına, məcburi köçkünlərə, ümumilikdə yüzə yaxın ailəyə bayram sovqatı çatdırılmışdır.
   Novruz bayramın təntənəli və yaddaqalan olması məqsədilə istirahət parklarında, mərkəzi küçələrdə göz oxşayan tərtibat işləri aparılmış, rayonun  mədəniyyət evlərində, digər incəsənət ocaqlarında bayram tamaşaları hazırlanmışdır. Pirallahı rayonunun bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, mədəniyyət ocaqlarında baharın gəlişinə həsr olunmuş tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunmuş, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilmişdir. Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli nəğmə və deyimlər, söylənilən bayatılar, cavablandırılan Novruz tapmacaları tamaşaçılarda xoş bayram ovqatı yaratmışdır.
    Silsilə tədbirlər 17 mart 2018-ci il tarixdə Pirallahı qəsəbəsində yerləşən Vaqif  Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında bayram tədbiri ilə yekunlaşdı. Mədəniyyət Mərkəzinin mini-parkına daxil olan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu və digər qonaqları milli geyimli oğlan və qızlar bayram xonçası və səməni ilə qarşıladılar. Bahar qız, Kosa və Keçəl bayram tədbirinə xüsusi rəng verdilər. Qonaqları alqışlayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim etdi və Rayon İcra Hakimiyyətinin Başçısı bayram tonqalını alovlandırdı.
     Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən V.İmanov əziz bayram haqqında geniş məlumat verdi, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladı, Novruz adətləri barədə danışdı. V. İnanov diqqətə çatdırdı ki, ənənəvi olaraq xalqımız hər il Novruz bayramına həyatın bütün sahələrində - iqtisadiyyatda, siyasətdə, ictimai həyatda, mədəniyyətdə, idmanda qazandığı böyük nailiyyətlərlə gəlir. Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, Onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxan müstəqillik yolumuz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın titanik səyləri ilə dövlətimiz ildən-ilə möhtəşəm uğurlara imza atmışdır. Mühüm geostrateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ötən il tarixi hadisə oldu.  Azərbaycan iki milyard ton neftin hasil olunmasını bayram etdi. “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun işlənilməsinin 2050-ci ilədək uzadılması mühüm iqtisadi əhəmiyyət daşıyır. Azərbaycan ilin ən böyük idman hadisəsi – 4-cü İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi. Daha bir tarixi hadisə Qarabağa “Böyük qayıdış”ın başlanğıcı sayılan Cəbrayıl rayonunun  Cocuq Mərcanlı kəndinə köçün başlaması oldu...
      Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər və digər bu kateqoriyadan olan insanların  da qayğı ilə əhatə olunduğunu, bir çox ailələrə bayram sovqatı təqdim edildiyini, bu günkü bayram tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən Vasif müəllim bundan sonra da əlbir işləməklə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin, xüsusən Pirallahının abad, inkişaf etmiş bir rayona, Bakı şəhəri üzrə birincilərdən birinə çevrilməsi tapşırığının birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə etdi, Pirallahı sakinlərini əziz Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edərək, rayon zəhmətkeşlərinə yeni-yeni uğurlar arzuladı.
     Sonra Vaqif  Mustafazadə adına Mədəniyyət Mərkəzinin foyesində Pirallahı rayonunun orta məktəbləri, uşaq bağçaları və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgilər nümayiş olunmuşdur. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı.
     Pirallahı sakinlərinin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin, o cümlədən tanınmış ifaçılar əməkdar artist Elza Seyidcahan, xanəndə Mütəllim Dəmirov, mügənni Rüfət Axundov, “İnci” qrupunun ifasında konsert proqramı ilə axşamdan xeyli keçənədək davam etdi. Rəngarəng Novruz bayramı tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft Daşlarında da yüksək səviyyədə təşkil edilmişdi.
 
 
 
 
 
 
 
 
Keçidlər