Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibənin iqtisadi mənzərəsi

28 oktyabr 2020 | 11:00
1993-cü ildən etibarən dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycanımız son illərdə dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. Cənubi Qaf¬qazın lider dövlətidir. Ölkəmizin əldə etdiyi bütün tarixi nailiyyətlər Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti və yorulmaz fəaliyyəti ilə bağlıdır.
Bu günlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni və şanlı tarixi yazılır. Əlbəttə, Azərbaycan tarixində bir çox şərəfli anlar olub, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanıb. Amma bu gün Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Ordusunun zəfər yürüşü, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Azərbaycan hazırda beşinci nəsil müharibə aparır və qanuni torpaqlarını azad edir. Müzəffər ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı-bir sıra kəndləri, qəsəbələri, şəhərləri düşməndən təmizləyərək xilaskarlıq missiyası həyata keçirir. Cənab Prezidentimiz İlham Əliyevin müsahibələrində, çıxışlarında dəfələrlə bəyan etdiyi kimi bizim məqsədimiz torpaqlarımızı azad etmək və insanlarımızı qorumaqdır. Azərbaycan indi öz haqq işini görə-görə dünyaya mesajlar verir. Bu işdə öndə gedən dövlət başçısı çıxışlarında bildirir ki, Azərbaycan heç bir ölkəyə hücum etmir və ümumiyyətlə belə bir məqsədi və düşüncəsi yoxdur.
Ölkə başçısının müsahibələrdən biri də ötən günlərdə Yaponiyanın “Nikkei” qəzetinə oldu. Cənab Prezident müsahibəsində Qarabağlı əlaqədar mühüm məsələləri qeyd etməklə yanaşı Azərbaycanın iqtisadi gücünə də toxunub. Müsahibə zamanı ölkə başçısının da vurğuladığı kimi,- baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşüb, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, artım var. Bu, onu göstərir ki, sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Ölkə başçısı xüsusi olaraq vurğulayıb ki, ərazilərimizin geri qaytarılması kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək.
Azərbaycandan fərqli olaraq isə iqtisadi böhran içində boğulan Ermənistan artıq hər gün yeni-yeni problemlərlə üzləşməkdədir. Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması, Gürcüstanla əvvəlki kimi xoş münasibətin olmaması, korrupsiya və rüşvətxorluğun geniş vüsət alması bu ölkəni məhvə sürükləyib. Dağlıq Qarabağ münaqişəsi uzun illər həll olunmadığına görə Türkiyə və Azərbaycanın Ermənistanla sərhədləri bağlı olması Ermənistanı regionda hazırlanan nəhəng infrastruktur layihələrindən uzaq qalmasına səbəb olub. Ermənistan iqtisadiyyatı koronavirus səbəbindən onsuz da çətinliklər yaşayarkən Dağlıq Qarabağdakı münaqişənin yenidən alovlanması ilə daha da çətin bir duruma düşüb. Bu müharibə Ermənistanı taqətdən salır və tükəndirir.  Bu hərbi qarşıdurmanın hər günü işğalçı ölkəni labüd iqtisadi fəlakətə bir az daha yaxınlaşdırır. Ermənistan Azərbaycanla resurs müharibəsinə və silahlanma yarışına hazır deyil. Ermənistan Azərbaycana qarşı ciddi müharibə aparmaq üçün nə hərbi, nə də iqtisadi imkanlara malik deyil. Ölkə başçımızın oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə dediyi kimi, əgər Ermənistana kənardan silah və siyasi dəstək olmasaydı onlar  bizim torpaqlarımızı işğal altında saxlayabilməzdi. Ümumiyyətlə, Azərbaycanın qarşısında heç kim dura bilməz.
Beləliklə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin mənfi təsiri onun iqtisadiyyatının bütün sahələrində də özünü göstərəcək. “Fitch Ratings” təşkilatının 2020-ci ilin oktyabr ayında verdiyi proqnozlara əsasən, Ermənistan iqtisadiyyatında artım tempinin cari ildə neqativ zonada olacağı, ortamüddətli dövrdə isə aşağı olaraq qalacağı proqnozlaşdırılır. Buna əsas səbəb kimi COVID-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi və Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanılması göstərilir. Ortamüddətli dövrdə isə Beynəlxalq Valyuta Fondu iqtisadi artım tempinin 2019-cu ilə nəzərən daha aşağı səviyyədə olacağını proqnozlaşdırıb və bunu iqtisadi artımın öz potensial səviyyəsinə yaxınlaşması ilə izah edib.
Dünyanın hansı regionunda olmasından asılı olmayaraq, müharibə iqtisadiyyata, istehsal sahələrinə təsir göstərir. İki ölkə arasında aparılan müharibədə həmişə iqtisadiyyatı zəif olan tərəf məğlub olur. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından üçqat, müdafiə büdcələri baxımdan isə dördqat üstündür. Belə ki, Azərbaycanın müdafiə büdcəsi 2,3 milyard ABŞ dolları, Ermənistanınkı isə 658 milyon ABŞ dollarıdır. Azərbaycanda həm müharibədən öncə, həm də müharibə dövründə milli valyutanun məzənnəsi eyni qalıb. Ermənistanda inflyasiya artımı ilə paralel milli valyuta külli miqdarda ucuzlaşıb.  Qeyd olunan bir neçə misal deməyə əsas veririki, müharibə Azərbaycan iqtisadiyyatına təsir etsə də, ölkəmiz bu itkiləri qarşılamaq gücündədir. Azərbaycanın kifayət qədər xarici ehtiyatı var. Artıq Azərbaycan 10-dan çox Avropa dövlətinə neft-qaz ixrac edir, ona görə də Azərbaycan üçün iqtisadi ziyanın öhdəsindən gəlmək ciddi problem deyil. Amma Ermənistan müharibənin yıxıcı təsirindən canını qurtara bilməyəcək. Artıq Ermənistanda vətəndaşlar həyatın bütün sahələrində müharibənin acısını hiss edir və bunun getdikcə böyüyərək işğalçı dövləti fəlakətə sürükləyəcəyi qaçılmazdır.
Ölkə başçısı müsahibələrində dəfələrlə qeyd etmişdir ki, Ermənistan hökumətinə mesajlar göndərilmişdir ki, onlar işğala son qoyduğu təqdirdə Azərbaycan Dağlıq Qarabağda müxtəlif sosial və iqtisadi layihələri icra edə bilər. Bu mesajlar Minsk qrupunun həmsədrləri vasitəsilə Ermənistanın əvvəlki prezidentlərinə göndərilmişdir və onlar bunları rədd etmişdir. Bu gün Dağlıq Qarabağda insanlar yoxsulluq içində yaşayır,  tam işsizlik, yoxsulluq hökm sürür və infrastruktur dağıdılıb. Torpaqlarımız işğaldan azad olunanda iqtisadiyyatımız da yüksək səviyyədə inkişaf edəcək. Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlanılıb. İşğaldan azad edilmiş torpaqlar, oradakı faydalı qazıntılar, su və meşə resursları Azərbaycanın iqtisadi gücünü daha da artıracaq.


Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər