Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın mövqeyi sülhə mane olur

23 oktyabr 2020 | 11:00
Azərbaycanın Ermənistanın təxribatlarına cavab olaraq, işğal altındakı ərazilərini azad etmək üçün başlatdığı Vətən müharibəsindən artıq 26 gün ötür. Ötən müddət müzəffər ordumuzun torpaqlarımızı durmadan işğaldan azad etməsi və 3 rayon mərkəzinə bayraq sancmağımızla əlamətdar oldu.
Sentyabrın 27-dən etibarən dünya Ermənistanın region üçün böyük təhlükə olduğunu və Ermənistanın heç bir sözünün, heç bir imzasının etibarlı olmadığını bir daha müşahidə etdi. Belə ki, ilk olaraq müharibənin başlamasının 13-cü günündə Ermənistanın “yalvarışlar”ından sonra Rusiyanın təşəbbüsü ilə oktyabrın 9-10-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında görüş keçirildi. Xatırladaq ki, bu görüş artıq Azərbaycanın cəbhədə uğurlar əldə etdiyi, öz gücünü sübut etməyə başladığı bir dövrə təsadüf edirdi. Amma buna baxmayaraq, Azərbaycan görüşə razılıq verdi və bununla da əslində müharibə etmək və ya qan tökmək istəmədiyini, istəyinin ancaq tarixi torpaqlarını geri qaytarmaq olduğunu təsdiq etdi.  Son dərəcə gərgin abu-havada keçən görüşün yekununda humanitar atəşkəslə bağlı bəyanat qəbul edildi. Azərbaycan bununla öz sülhpərvər mövqeyini bir daha ortaya qoydu. Azərbaycan cəbhədə mütləq hərbi və psixoloji üstünlüyə malik olmağına baxmayaraq beynəlxalq təşkilatların və bir sıra dövlətlərin çağırışı, xüsusilə qonşu Rusiyanın təkidi və Ermənistanın yalvarışları ilə atəşkəsə “hə” dedi. Amma Ermənistan yenə də öz çirkin xislətindən əl çəkə bilmədi. Atəşkəsin başlamasından saatlar sonra öncə cəbhədə təxribatlar törətdi, sonra isə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə gecə saatlarında ballistik raketlə hücum etdi. Nəticədə 9 nəfər həlak oldu, 40-a yaxın vətəndaşımız yaralandı. Daha sonra 17 oktyabr tarixində Ermənistan ikinci dəfə Gəncəyə hücum etdi. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirdi, 55 dən çox insan ciddi yaralandı. Qeyd edək ki, baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı çox ciddi cinayətdi. Ermənistan tərəfindən törədilən bu müharibə cinayətləri əlbəttə ki, cəzasız qala bilməzdi. Ölkə başçısının dediyi kimi, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Beləliklə, Gəncəyə olunan ikinci hücumdan sonra, Azərbaycan  əks-hücuma keçərək düşməni xeyli sayda itkiyə uğratdı və Zəngilan şəhərini və bir çox kəndləri azad etdi. Bununla bağlı ölkə başçısı oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində demişdir: “Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi”.
Daha sonra müsahibəsində ölkə başçısı Azərbaycanın hər zaman nizamlama prinsipinə sadiq olduğunu vurğuladı və bildirdi ki, vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır. Ermənistan rəhbərliyi isə lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Beləliklə onlar sülh istəmədiyini aşkar şəkildə nümayiş etdiriblər.
Laçın dəhlizi ilə bağlı da fikir bildirən ölkə başçısı Laçın dəhlizinin baza prinsiplərinin tərkib hissəsi olduğunu bildirdi. Ölkə başçısı vurğuladı ki, Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub. Baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi
Ölkə başçısının Ordumuzda muzdluların olması ilə bağlı cəfəng iddalara cavabı da yenə açıq oldu. “İndiyə qədər bizə sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Nə Prezident kimi mənə, nə bizim xüsusi xidmətlərin rəhbərlərinə, nə də Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Yaxşı, əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün bizə faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edirlər. Bilirsiniz, indi nə istəsən yazmaq olar. Ona görə biz bu yanaşmanı əsla qəbul etmirik və bəyənmirik”. Bununla yanaşı, ölkə başçısı bildirdi ki, bu cəfəng iddialar Ermənistanın cəbhədə uduzduğu və alçaldılmış vəziyyətə düşdüyünə görə uydurduğu yalanlardır. “Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar. Belə halda onlar, əlbəttə, güman etmək və ya təsəvvür etmək istəyirlər ki, bunu edən Azərbaycan Ordusu deyil, hansısa terrorçular və ya hansısa ölkələrdir”. Amma reallıq budur ki, cəbhədə sadəcə Azərbaycan əsgəri var və Azərbaycan əsgəri onları sözün əsl mənasında torpaqlarımızdan sıxışdıraraq çıxarır. Onlar ya ölümə, ya da qaçmağa məhkum olurlar.
Bu gün cəbhədə həm cənubda, həm şərqdə, həm də şimalda bütün yüksəkliklərə nəzarət Azərbaycan ordusunun əlindədir. Bu isə o deməkdir ki, əgər Azərbaycan ordusu yüksəkliklərə nəzarət edirsə ardıcıl olaraq ordumuz irəliləyəcək, kəndlərin, şəhərlərin və ümumiyyətlə işğal altında olan torpaqlarımızın qaytarılması an məsləsidir. Biz bu prosesin davam etdiyini Ali Baş Komandanın və MN-nin gündəlik məlumatlarında görürük. Ən əsası isə hətta Rusiyanın neytral ekspertlərinin yanaşmalarında da Azərbaycan Ermənistanın Dağlıq Qarabağa gətirib yerləşdirdiyi bütün hərbi ehtiyatları darmadağın etdiyini, canlı qüvvədən də əsər-əlamət qalmadığını bildirirlər.
Bu gün Ermənistanın xüsusi inkişaf etmiş bir ordusu yoxdur. Ancaq Azərbaycanın hərbi arsenalı tam fərqli və dağıdıcı hesab edilir. Tərifli erməni müdafiəsi gözümüz önündə dağılır, düşmən hərbi texnikasını, silah-sursatını atıb geri çəkilir. Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərir. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv edilib. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. Azərbaycanın  müasir tankları, topları və zirehli maşınları dəqiqliyi ilə məhv edən pilotsuz uçan aparatları nəinki Ermənistana, ölkəmizə qarşı ola biləcək hər bir dövlətə mesaj və göstəricidir.
Ölkə başçısı Minsk qrupunun fəaliyyəti ilə bağlı da fikirlərini bildirdi. Dövlət başçımız vurğuladı ki, Minsk qrupunun həmsədrlərinin heç bir nəticəyə nail olmamaları haqlı olaraq Azərbaycan ictimaiyyətində tənqidə məruz qalmalarına səbə olur. Lakin Minsk qrupu səy göstərib, təkliflər verib, irəliyə çox böyük addımlar atılıb. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Minsk qrupu nizamlama üçün bünövrə yaradıb. Buraya ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqın normalarına tamamilə uyğun gəlir.
Bunlarla birlikdə daha bir neçə vacib məsələlərə də toxunan ölkə başçısı, əsas olaraq yenə də Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu. Və son olaraq bildirdi ki, biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik.


Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər