Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsilin inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətidir

19 sentyabr 2020 | 11:00

     Dünyanı bürüyən koronavirus infeksiyası digər sahələr kimi, təhsilə də təsirsiz ötüşmədi. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilməyərək, sadəcə proseslərin arxasınca getmişdir. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlamışlar.

      Ölkəmizdə koronavirusla mübarizə tədbirləri çərçivəsində ilk atılan addım bütün təhsil müəssisələrinin faəliyyətini dayandırması oldu. Beləliklə, mart ayının 3-dən etibarən Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris prosesi dayandırıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah  bu qərarın koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə verildiyini açıqladı. Vurğulamaq istərdim ki, təhsil müəssisələrinin fəaliyyətində fasilə yaransa da, həyata keçirilən operativ tədbirlər nəticəsində tədrisin davamlılığı təmin olundu. İstər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən teledərslər, istərsə də onlayn dərslər təşəbbüsünə müəllimlərin fəal qoşulması şagirdlərin bilik səviyyələrini artırmalarını təmin etdi.  Beləliklə, Azərbaycan təhsili müxtəlif layihələrlə pandemiya ilə mübarizə aparmağa başladı.

      Onu da vurğulamaq lazımdır ki, istər pandemiyadan əvvəl, istərsə də  pandemiya dövründə təhsilə diqqət və qayğı öz prioritetliyi ilə diqqət çəkib. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident  İlham Əliyev neft kapitalını insan kapitalına çevirmək istiqamətində atdığı addımları ilə təhsilin-elmin-iqtisadiyyatın  birliyini yaratmış, yeni texnologiyaların  ölkənin hərtərəfli inkişafında rolunu önə çəkmişdir.
Təhsilin  keyfiyyətinin artırılmasında məktəb infrastrukturunun yenilənməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  yeni məktəb binalarının tikintisinə, mövcud məktəblər üçün əlavə korpusların inşasına, onların əsaslı təmirinə, müasir avadanlıqlarla təminatına, ümumilikdə, infrastrukturun tam yenilənməsinə göstərdikləri diqqət və qayğı nəticələrdən də aydın görünür. Hər yeni tədris ili onlarla yeni məktəbin tikintisi və əsaslı təmiri ilə yadda qalır. Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində bu mövzuya toxunaraq bildirmişdir: “Son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir”.
                Təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən daha bir addım isə  müxtəlif regionlarda modul tipli məktəblərin inşasıdır. Modul tipli məktəblər  mürəkkəb  relyefə malik olan  ucqar kəndlərdə, qəsəbələrdə   qəzalı,  istismar müddəti başa çatmış məktəb problemini də  tamamilə aradan qaldırır. Bu tipli məktəblərin yaradılmasında əsas məqsəd  məktəblilərə dərin biliklərə yiyələnmək, öz bacarıqlarını ortaya qoymaq üçün lazım olan şəraiti yaratmaqdır.
              Azərbaycanda ali təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılmasına da xüsusi əhəmiyyət verilir. Bu gün ölkəmizdə ali məktəblərin mütləq əksəriyyəti də müasir standartlara cavab verir. 
Qeyd edək ki,  son illər ölkədə ali təhsil sistemində xeyli islahatlar aparılıb. 2019-cu ildə dövlət hesabına təhsil alan tələbələrin sayı 66 faiz artıb.
Dövlətimizin başçısı İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamları ali təhsil sisteminin rəqabətliliyinin artırılmasını, həmçinin beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Tələbələr arasında rəqabət mühitinin formalaşması xüsusi əhəmiyyətli mövzudur. Rəqabətin artması təhsilin inkişafı və bunun davamı olaraq iqtisadi tərəqqiyə stimuldur. İqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafın əsasıdır. Ödənişli təhsil alan tələbələrin də təqaüd almaq imkanı əldə etməsi bu rəqabətin daha da artmasına öz müsbət təsirini göstərir.
       Bu uğurlar fonunda dövlətimizin başçısı İlham Əliyev  “Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz” söyləyərək diqqəti həmin məsələlərə yönəldir.  Xüsusilə, əsas tapşırıqlar sırasında dağ kəndlərində  modul tipli məktəblərin tikintisi layihəsinin yaxın iki il ərzində başa çatdırılması nəzərdə tutulur.  Bununla paralel olaraq, təhsilin keyfiyyətinin artırılması əsas məqsəd kimi qarşıya qoyulur. Baxmayaraq ki, bu gün təhsilimizin keyfiyyətinin yüksək olduğunu  müxtəlif reytinqlər də təsdiqləyir. Amma dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Azərbayanın hər sahədə təcrübəsi nümunə olmalıdır.

Abdullayev Arzu
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Keçidlər