Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Bakı dünyanın məşhur parklar şəhərləri sırasında özünə yer tutmaqdadır

19 sentyabr 2020 | 11:00

      Müasir qlobal ekoloji böhran şəraitində ekoloji siyasət istənilən dövlətin ümumi siyasətinin vacib tərkib hissəsini təşkil edir. Azərbaycanda müstəqilliyin ilk illərində sovet dövründən yığılıb qalmış və getdikcə daha da kəskinləşən ekoloji problemlərin həllinə yönələn siyasətin aparılması cəhdləri olsa da, həmin dövrdə ölkədə yaranmış dərin böhranlar və hakimiyyətsizlik şəraitində məqsədyönlü ekoloji siyasətin həyata keçirilməsi qeyri-mümkün olmuşdur. Yalnız dahi liderimiz Heydər Əliyev 1993-cü ilin yayında xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə yaratdığı ictimai-siyasi sabitlik şəraitində onun rəhbərliyi ilə ardıcıl və düşünülmüş yeni ekoloji siyasətin aparılmasına başlanılmışdır. Heydər Əliyevin ekoloji siyasət strategiyasında yaşıllaşdırma, ağac əkmək, meşə salmaq, meşələri, yaşıllıqları qorumaq işlərinə geniş yer verilmişdir. Bu məsələlərə o, böyük əhəmiyyət verərək vurğulayırdı: “Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olunubdur və Bakıda, Azərbaycanın bütün yerlərində hökm sürür. Demək, belə bir şəraitdə indi quruculuq prosesi gedir və quruculuq prosesinin də bir hissəsi Bakıda yaşıllaşdırmanı davam etdirmək, yeni-yeni parklar salmaq, yaşayış binalarının ətrafında ağaclar əkməkdir”.  Müqayisə üçün bildirək ki, əgər 1970-ci ilədək Bakı şəhərində 3 min hektara qədər yaşıllıq sahəsi mövcud idisə, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illərdə yaşıllıqların sahəsi 17 min hektara çatdırılmışdı. Bu dövrdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunmasına dair 8 qanun qəbul olunmuş, hökumət səviyyəsində 30-dan artıq qərar təsdiq edilmişdir.

       Ümummilli liderimiz Heydər Əliyevin reallaşdırdığı ekoloji siyasət strategiyası müstəqil Azərbaycanın ekoloji siyasətinin təməlidir. Heydər Əliyevin uğurla başladığı bu strateji xətti onun layiqli davamçısı və siyasi varisi,  Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev zənginləşdirərək yeni keyfiyyət səviyyəsində böyük vüsətlə davam etdirdi. Müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verdi. Azərbaycanda indi kəndlər, qəsəbələr, şəhərlər getdikcə simasını dəyişir, gözəlləşir. Ölkədə əhalinin istirahəti üçün yeni parklar, yaşıllıqlar salınır, köhnə parklar isə müasirləşdirilir. Artıq Azərbaycanda elə bölgə yoxdur ki, onun gözəl parkları, istirahət məkanları olmasın.

      Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə yaşıllaşdırma sahəsində böyük işlər görülür. Dövlət başçımızın ağacların kəsilməsinə qarşı dəfələrlə verdiyi sərt xəbərdarlıqlar fonunda yaşıllaşdırma ilə bağlı imzaladığı Sərəncamlar, bu məqsədlə ayrılan vəsait bu sahədə əsl canlanma yaratmış, Azərbaycanın bütün bölgələrində ağacəkmə kampaniyasına start verilmişdir. Mübaliğəsiz deyə bilərik ki, bu gün Bakı dünyanın məşhur parklar şəhərləri sırasında özünə yer tutmaqdadır.
      Bu işlərin görülməsində, yaşıllıqların salınmasında, şəhərlərimizdə və rayonlarımızda təmizlik işlərində hər bir sakin fəal iştirak edir. Belə yeniləşmə bir vaxtlar neft tullantıları içərisində boğulan Bakı ətrafı yaşayış sahələrində də özünü qabarıq büruzə verir. Bakı şəhərinin ¬abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər ¬görülüb. İnsanların istirahəti üçün salınan parklar eyni zamanda Bakının ekoloji vəziyyəti üçün də böyük fayda vəd edir. Bu məsələlərə xüsusi əhəmiyyət verərək ölkə Prezidenti bildirmişdir: “Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda ağacəkmə kampaniyası geniş vüsət almışdır. Artıq bu, kampaniya deyildir. Bu, artıq dövlət siyasətidir.”
      Son 10-15 ildə paytaxtda və regionlarda yaşıllaşdırma, abadlaşdırma, parksalma işləri daha qabarıq şəkildə özünü göstərir. Məlumat üçün bildirək ki, son beş ildə Bakı və onun ətraf qəsəbələrində 65 yeni mədəniyyət və istirahət parkı salınıb. Bununla yanaşı, ötən 5 il ərzində 100-dən çox park əsaslı təmir olunub. Dənizkənarı Milli Park, Filarmoniya bağı, Dədə Qorqud parkı, Heydər Əliyev Sarayının qarşısında yerləşən Heydər Əliyev adına park, Zabitlər parkı və s. bu yöndə görülən işlərə əyani misaldır. Bu parklar paytaxtımızı daha da gözəlləşdirir. Bir vaxtlar qurumuş ağacları, sınıq-salxaq oturacaqları ilə insanları təəssüfləndirən parklardan əsər-əlamət qalmayıb. Prezidentin tapşırıq və göstərişlərinə əsasən, paytaxtımızda icra olunan layihələr nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, paytaxtımız gündən-günə abadlaşır, müasirləşir və yenilənir.
      Prezident qeyd edib ki, ağacların əkilməsi şəhərin ekoloji vəziyyətini böyük dərəcədə yaxşılaşdırır: “Bu gün Bakı yaşıl parklar, bağlar şəhəridir. Parkların sayına görə, hesab edirəm ki, Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim ən böyük parkımız olan bulvarın məsafəsi 3 kilometrdən 16 kilometrə uzadıldı. Mərkəzi Park indi şəhərə yeni yaraşıq verir. ... Bir sözlə, bu gün Bakı həm ekoloji, həm də rahatlıq baxımından çox sürətlə inkişaf edən şəhərdir”.
      Xüsusilə vurğulamaq istərdim ki, ölkəmizdə ekoloji siyasətin əsasını qoyan Ümummili lider Heydər Əliyevin irəli sürdüyü “Hər bakılı iki ağac əkib becərməlidir!” şüarı illər sonra belə aktuallığını itirməmiş və Birinci xanım Mehriban Əliyevanın simasında öz məntiqi davamını tapmışdır. Bu çərçivədə yeni aksiyalara start verilmiş və ölkədə geniş vüsət alan “Hərəyə bir ağac əkək!” kampaniyası reallaşdırılmışdır. Bu gün Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.
Parklar insanlararası sosiallaşma üçün ideal məkan hesab edilir. Çünki belə ictimai yerlərdə insanlar kollektiv şəkildə dincələ, müxtəlif idman oyunları və pikniklər təşkil edə bilərlər. Ətraf mühitdən, təbiətdən yararlanmaq hər bir vətəndaşın hüququ olduğu kimi, onu qorumaq, qayğısına qalmaq da hər bir kəsin vətəndaşlıq borcudur.

 

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin Şura üzvü


 

Keçidlər