Şriftin ölçüsü :

Saytın rəngi :

Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün əsas məsələlərdən biridir

31 may 2020 | 11:00
Son illər dünya iqtisadiyyatında baş verən təlatümlər, koronavirus infeksiyasının (COVID-19) qısa bir zaman ərzində bütün dünyada geniş vüsət alması iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb. Onların arasında şəffaflığın yüksəldilməsi, hesabatlılığın, uçot və nəzarət sisteminin təkmilləşdirilməsi, vergi siyasəti və kölgə iqtisadiyyatına qarşı mübarizə müstəsna əhəmiyyət daşıyır.
Ölkəmizdə də ümumi iqtisadi vəziyyət nə qədər yaxşı olsa da,  problemlərin mövcud olduğunu  gizlətməmək  və onların həlli yolları üzərində səylə çalışmaq lazımdır. Belə problemlərdən biri də "kölgə iqtisadiyyatı"nın mövcudluğudur. "Kölgə iqtisadiyyatı" cəmiyyətin inkişafının bütün mərhələlərində mövcud olub və olmaqdadır. Bu, bütün dünyada müşahidə olunan problemdir və hər bir dövlət bununla bağlı öz siyasətini yeritməyə çalışır. Kölgə iqtisadiyyatı dedikdə söhbət daha çox qeyri-rəsmi məşğulluqdan və dövlət tənzimlənməsi olmadan xidmətlərin göstərilməsindən gedir. Azərbaycanda "kölgə iqtisadiyyatı"nın səviyyəsinin həcmi son illərdə aparılan köklü islahatlar nəticəsində  azalsa da, onun mövcud miqyası hələ də arzuolunan səviyyədə deyil.
Son vaxtlar ölkəmizdə "kölgə iqtisadiyyatı"na qarşı mübarizə getdikcə daha geniş vüsət almaqdadır ki, bunun da əsasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. "Kölgə iqtisadiyyatı"na dair Azərbaycan Prezidenti cənab İlham Əliyevin fikirlərini xatırlatmaq yerinə düşərdi: “Kölgə iqtisadiyyatı" böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Biz "kölgə iqtisadiyyatı"na qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”. Dövlətimizin başçısı, həmçinin, dəfələrlə qeyd etmişdir ki, "kölgə iqtisadiyyatı" ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir və bizim əsas vəzifəmiz "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasıdır.
Azərbaycanda kölgə iqtisadiyyatı özünü daha çox qeyri-rəsmi məşğulluq, bəyan edilməmiş gəlirlər, ikili mühasibatlığın aparılması kimi göstərir. Belə olan təqdirdə kölgə iqtisadiyyatına qarşı mübarizənin xarakteri iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsini və normativ hüquqi aktların yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsini, audit institutunun əhəmiyyətliliyinin artırılmasını, vergiqoyma və gömrük sahəsində sağlam rəqabət münasibətlərinin yaradılmasını, hesabatlılığın və uçotun beynəlxalq standartlar nəzərə alınmaqla səmərəli təşkilini, nağdsız ödənişlərin səviyyəsinin ciddi surətdə artırılmasını və korrupsiyaya qarşı mübarizənin daha da dərinləşdirilməsini tələb edir. Bundan əlavə son illərdə vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı görülmüş işlər də ölkədə şəffaflığın təmin olunmasına birbaşa xidmət edir. Qeyd edək ki, hər bir ölkənin, o cümlədən Azərbaycanın büdcəsi birbaşa vergilərin ödənilməsindən asılıdır. Ən yüksək neft gəlirləri şəraitində belə, Azərbaycan sahibkarı öz sosial məsuliyyətini anlamalı və bilməlidir ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti, ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması sahibkarın ödədiyi vergilərdən asılıdır. Vergidən yayındırılan hər bir manat iqtisadiyyatımıza, ölkəmizin iqtisadi təməlinə vurulan ağır zərbədir. Və bu gün vergi sahəsində görülən işlərin  nəticəsidir ki, ölkənin vergi və gömrük sistemində şəffaflıq nəzərəçarpacaq dərəcədə yüksəlib, mövcud sahibkarlıq mühitinin yaxşılaşdırılması təmin edilib.
Ölkəmizdə işçilərin sayının azaldılması və maaşların gizlədilməsi kimi "kölgə iqtisadiyyatı"nı qidalandıran hallara qarşı və bank-maliyyə sferasına nəzarətin yaxşılaşdırılmasına dair sistemli tədbirlər həyata keçirilməkdədir. Aparılan ciddi islahatların və mübarizə tədbirlərinin nəticəsidir ki, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir. Əmək haqqı fondu da ağarmışdır. Belə ki,  2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemindən əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik artım olmuşdur.  Əmək müqavilələri və şəffaf fəaliyyətlə bağlı ölkə başçısı cənab İlham Əliyev nitqində demişdir: “Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”. Bəli, ölkə başçısının dediyi kimi, hər bir vətəndaş dərk etməlidir ki, əmək müqaviləsi bağlanmadan işləmək gələcəkdə onlar üçün ağır nəticələrə gətirib çıxara bilər. Onlar işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya və tibbi sığorta kimi təbii haqlarından istifadə edə bilməyəcəklər. Buna görə də hər bir vətəndaş işə başlayarkən mütləq əmək müqaviləsi tələb etməli və kölgə iqtisadiyyatına daxil olmamalıdır. Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Şəffaf iqtisadi cəmiyyətin qurulması istiqamətində iqtisadiyyatın "kölgədən" çıxarılması üçün  dövlət tərəfindən tədbirlərin bundan sonra da əzmlə davam etdiriləcəyini, bu yolda cəmiyyətin hər bir üzvünün və sahibkarlar ordusunun dövlət başçısına yardımçı olacağına inanırıq. Bu hər birimizin vətəndaşlıq borcudur. 


Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər