Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaş rifahı ən əsas məsələdir

30 may 2020 | 11:00

Cənab prezident İlham Əliyev tərəfindən zamanın tələbləri ilə uzlaşdırılmış və yeni,  müasir çalarlarla zənginləşdirilmiş inkişaf strategiyası nəticəsində ölkəmiz uğurla inkişaf etməkdədir. Aparılan məqsədyönlü siyasətlə ölkəmizdə siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın və əlverişli biznes mühitinin yaranmasına nail olunmuş və ölkəmiz dünyanın ən rəqabət qabiliyyətli 35 ölkəsindən birinə çevrilmişdir.
Bu gün bütün dünya üçün böyük bəla hesab olunan koronovirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatı üçün də böyük problem yatarmış, maliyyə və sosial problemlərin yaranmasına gətirib çixarmışdır. Ancaq ölkəmizin iqtisadiyyatı dövlət başçısı tərəfindən aparılan düşünülmüş siyasətlə bu təsirlərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirməkdədir.
Dünya ölkələrinin  həm əhalini, həm səhiyyə sistemini, həm də iqtisadiyyatı virusun təsirlərindən xilas edə biləcək kövrək balansı tapmağa çalışdıqları bir zamanda Azərbaycan digər ölkələr üçün bir nümunə oldu. Prezident İlham Əliyev tərəfindən qəbul edilən çevik və operativ qərarlar ölkəmizdə həyatın durması ilə yaranan iqtisadiyyata böyük zərbə vuracaq olan amilləri azaltdı. Belə ki, muzdlu işçilərin iş yerlərinin qorunması, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilməsi və onlara geniş vergi güzəştlərinin verilməsi dövlət tərəfindən həyata keçirilən siyasətin bir neçə nümunəsidir. Qeyd edək ki, Azərbaycan Respublikasında vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Biz ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının olduğunu  pandemiya dövründə bir daha müşahidə etdik. Belə ki, pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu,  600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsi təmin edildi və əlavə 12 min ailə (50 min ailə üzvü) ünvanlı dövlət sosial yardımı proqramına cəlb edildi, hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilmişdir. Bütün bunlar ölkə başçısının dediyi sözün sübutudur. Bəli, ölkəmizdə vətəndaş rifahı hökumətin qarşısında duran ən əsas məsələdir.
Hal-hazırda Azərbaycan iqtisadiyyatı qarşısında duran əsas məsələlərdən biri də şəffaflığın artırılması, ən yeni müasir texnologiyaların tətbiq ilə uçot sisteminin düzgün aparılmasıdır.  Ölkəmizdə kölgə iqtisadiyyatının yaranması və inkişaf etməsinin ən böyük mənbələrindən biri məhz qeyri-leqal əməkhaqqıdır. Beynəlxalq təcrübə də göstərir ki, bütün dünyada «kölgə iqtisadiyyatı»nda əsas rolu qeyri-leqal əməkhaqqı oynayır. Bu baxımdan, Azərbaycanda əməkhaqqının leqallaşdırılması ilə bağlı görülən və görüləcək hər bir tədbir bütövlükdə ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb etməkdədir.  Beləliklə, istər əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə, istərsə də əməkhaqlarının “ağardılması” ilə əhəmiyyətli şəffaflaşmaların olduğunu müşahidə edə bilərik. Belə ki, may ayının 1-də “Əmək müqaviləsi bildirişi” altsistemindən əldə olunan məlumata görə, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik, o cümlədən özəl sektorda 94 minə yaxın artım olmuşdur. Özəl sektorda muzdla işləyənlərin sayında artım müşahidə edilməsi o deməkdir ki, tətbiq olunan islahatlar artıq bəhrəsini verir. Qeyd edək ki, əmək müqavilələrinin rəsmiləşdirilməsində sadəcə dövlət deyil, işləyənlər və sahibkarlar da maraqlı olmalıdırlar.  İşləyənlər üçün bunun əhəmiyyəti ondan ibarətdir ki, qeyri-leqal əməkhaqqı sonradan insanların gələcək pensiya və sosial təminatında böyük çətinliklər və maneələr yaradır. Sahibkarlar üçün isə gələcəkdə baş verə biləcək bütün gözlənilməz təsirlərə hazırlıqlı olmaqdan ibarətdir. Dövlət tərəfindən iqtisadi sahələrə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Buna görə də hər bir şəxs və müəssisə öz işində şəffaflığa həssaslıqla yanaşmalı və kölgə iqtisadiyyatından tamamilə uzaq olmalıdır. Bu dövlətin və dövlət başçısının
1 nömrəli tələbidir. Bununla bağlı ölkə başçısı demişdir: “Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”. Bəli, kölgə iqtisadiyyatı ictimai həyatın bütün sferalarına təsir göstərmək iqtidarında olan iqtisadi fəaliyyətdir. Bu təsir dövləti, müəssisələri, vətəndaşları əhatə edir və ümumilikdə dövlətin iqtisadi gücünə mənfi təsir etməklə yanaşı, ölkədə həyat səviyyəsini aşağı salır. Buna görə də sadəcə dövlət deyil, vətəndaş kimi biz də ona qarşı mübarizə aparmalı və Prezidentimizin siyasətinə dəstək verərək “kölgə”də olmaqdan imtina etməliyik. Əks təqdirdə, şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün acı həyat dərsinə çevriləcək.

Şəbnəm Eldarova

Keçidlər