Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda "sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması"na dair işgüzar forum keçirib

24 sentyabr 2019 | 11:00
     Sentyabrın 24-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Pirallahı RİH-nin birgə təşkilatçılığı ilə "sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması"na dair işgüzar forum keçirib. Keçirilən forumda Iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Pirallahı RİH başçısı Vasif İmanov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov, sahibkarlar və aidiyyəti üzrə müxtəlif qurumların rəhbərləri iştirak etdilər.
İşgüzar forum çərçivəsində Pirallahı rayonunun iqtisadi potensialına uyğun olaraq, zeytunçuluq, badam bağları, corab, qablaşdırma materialı, plastik qablar və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
     Forumu giriş nitqi ilə açıq elan edən RİH başçısı Vasif İmanov tədbir iştirakçılarının salamlayaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilən genişmiqyaslı islahatların uğurlu icrası nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitlik təmin edilmiş, davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli dövlət dəstəyi tədbirləri, ölkə başçısının bu sahəyə böyük diqqət və qayğısı sahibkarlığın sürətli inkişafına geniş imkanlar yaradır, özəl bölmənin, bütünlükdə iqtisadiyyatın inkişafına təkan verir, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə  qarşıya qoyulmuş hədəflərə nail olunmasında xüsusi əhəmiyyət kəsb edir. Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən rayonun sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verdi.  Natiq bildirdi ki: “Bu gün hər bir rayonun xüsusiyyətlərinə görə sənaye zonalarda müxtəlif istehsalat sahələri yaradılır, o cümlədən də Pirallahı rayonunda da belə zona var. Pirallahı Sənaye Parkı ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır”. Rayonun turizm potensialı haqqında danışan V.İmanov qeyd etdi ki, Pirallahı adasının sahil boyu ən əlverişli yerləri ayrılmaq şərti ilə həmin ərazilərdə dənizkənarı bulvar, kanat yolu, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər (sahilyanı zolaqda yerləşdirilmiş), idman-konsert kompleksi (açıq havada), yaxt-klub, sörfinq klubları və s. yaradılması üçün əlverişli şərait vardır. Pirallahı rayonunun inkişafını Prezident cənab İlham Əliyevin daim nəzarətdə saxladığını qeyd edən Vasif İmanov forumun işinə uğurlar dilədi, onun yüksək, işgüzar səviyyədə keçməsini arzuladı.
       Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, özəl sektorun davamlı inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verən Sahib Məmmədov Sahibkarlığın İnkişafı Fondunun Bakıətrafı kənd və qəsəbələrdə və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, ölkə üzrə 2019-cu ilin ötən dövründə sahibkarların 801 investisiya layihəsinin maliyyələşdirilməsinə 105 milyon manat güzəştli kredit verilib. Bu ilin ötən dövrü ərzində verilmiş kreditlərin əsas hissəsi - 97%-i kiçik və orta həcmli kreditlər olmaqla kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə ayrılıb.
     Sonda sahibkarları maraqlandırılan suallar cavablandırıldı və sahibkarlar qeyd etdilər ki, onlar rayonun inkişafında fəal iştirak edəcəklər.
 
 
 
Keçidlər