Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Pirallahı rayon filialının sədri seçildi

17 iyul 2019 | 11:00

 İyulun 16-da Pirallahı rayonunda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının rayon filialının sədrinin seçilməsi məqsədilə iclas keçirildi. Tədbirdə RİH məsul əməkdaşları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının təmsilçiləri, rayon Ağsaqqallar şurasının üzvləri, müharibə əlilləri,  veteranlar və digər qonaqlar iştirak etdilər.
     Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov çıxış edərək bildirdi ki, Azərbaycanda veteranlara diqqət və qayğı siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu Öndər veteranların problemlərini daim xüsusi diqqətdə saxlamış və bu problemlərin həlli üçün müvafiq göstərişlər vermişdir. Onun siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini də məhz bu sahə təşkil edir. Bu istiqamətdə müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin onların ailələrinin lazımi qayğı ilə əhatə olunması üçün bütün tədbirlər görülür. Natiq çıxışında qeyd etdi ki, Pirallahı rayonundan olan müharibə, əmək və silahlı qüvvələrin veteranlarının sosial problemlərinin həlli, onların rayonun ictimai-siyasi həyatında yaxından iştirak etməsi məqsədilə müntəzəm olaraq  görüşlər keçirilir.
      Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxış edərək, dövlətimizin veteranlara göstərdiyi qayğıdan və ideoloji, siyasi tərbiyə işlərində veteranların qüvvəsindən səmərəli istifadə olunmasından danışdı. Eyni zamanda Pirallahı rayonunda da veteranlara göstərilən qayğı üçün rayon rəhbərliyinə təşəkkürünü bildirərək, rayonda Veteranlar Təşkilatına seçiləcək sədrin uğurlu fəaliyyət göstərəcəyinə ümidli olduğunu bildirdi.
      Pirallahı rayon ictimaiyyətinin fəal nümayəndəsi olan Səməd Əhmədov çıxış edərək bildirdi ki, dövlət başçısı tərəfindən imzalanan dövlət proqramları və sərəncamlar əsasında xüsusilə müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Hal-hazırda veteranlara göstərilən qayğı və diqqətin getdikcə yüksəlməsi çox sevindirici haldır.
     Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının təmsilçiləri Adil Haqverdiyev, İsmayıl İsmayılov, Salman Babayev çıxışlarında təşkilat haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər. Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçilər bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirdilər. Qeyd edildi ki, təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Diqqətə çatdırıldı ki, Veteranlar Təşkilatı çoxsaylı tədbirlər, o cümlədən cəbhə bölgələrində və rayonlarda yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirir.
     Tədbirin sonunda A.Namazov çıxış edərək “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr” Veteranlar Təşkilatının Pirallahı rayon filialının sədri seçilməsi üçün Şirinov Xəqani Xalid oğlunun namizədliyini təklif etdi. İclasda iştirak edən veteranlar və rayon ictimaiyyəti bir daha ölkəmizdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildirərək, onlar da Şirinov Xəqani Xalid oğlunun “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr” Veteranlar Təşkilatının Pirallahı rayon filialının sədri seçilməsini təklif etdilər. Şirinov Xəqani Xalid oğlunu iclas iştirakçılarının yekdil qərarı ilə qurumun Pirallahı rayon filialının sədri seçildi.

Keçidlər