Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə rəsm sərgisi keçirildi

24 fevral 2019 | 11:00
    Fevralın 23-də 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə rəsm sərgisi keçirildi. “Xocalıya ədalət” başlığı altında təşkil olunan tədbirdə Pirallahı RIH başçının müavinləri Vəzir Səfixanov və İsmayıl Əliyev, rayon prokuroru İbrahim Ləmbəranski,  rayon polis şöbəsinin rəisi Cümşüd İsmayılov, Xocalıdan olan məcburi köçkün ailələri, rayon ictimaiyyətinin nümayəndələri, orta məktəblərin müəllim və yuxarı sinif şagirdləri iştirak etdilər.
    Tədbir 27 il əvvəl erməni vəhşiliyinə tuş gəlmiş Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlandı. Tədbir zamanı iştirakçılar Xocalı soyqırımına həsr edilən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.
    Pirallahı RIH başçısının I müavini Vəzir Səfixanov XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyət qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdi. Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi təsadüfi deyil. İşğalçı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid olan ərazilərdən biri kimi tarixi və mədəniyyət abidələri ilə seçilirdi. Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın bilavasitə iştirakı ilə, ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini  yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdilər. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər insan adına sığmayan vəhşiliklərə məruz qalanlar çoxluq təşkil edirdi. Vəzir Səfixanov bildirmişdir ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi və təkidi ilə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar  ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”. Bu gün Milli  Ordumuzun döyüşkən oğulları, düşməndən ən an qisas almağa, pozulmuş ərazi  bütövlüyümüzü təmin etməyə qadirdir - deyən V.Səfixanov 2016-cı ilin aprel döyüşlərində, Naxçıvanın Şərur rayonunun Günnüt kəndi işğaldan azad edilməsi zamanı  ordumuzun erməni işğalçılarına sarsıdıcı zərbələr endirdiyini vurğuladı, torpaqlarımızın azad olunacağı günün çox da uzaqda olmadığını bildirdi.
    Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gülarə Quluzadə vurğuladılar ki, Xocalı soyqırımı təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən böyük faciələrdəndir.
 
Keçidlər