Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

21 yanvar 2019 | 11:00
     Yanvarın 19-da Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov,  təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
       Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Neft Daşları qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstələri qoydular.
       Tədbir zamanı 20 yanvar faciəsinin qurbanları bir dəqiqəlik sükutla anıldı.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəsi Faiq Kərimov 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi ilə çıxış etdi. Faiq Kərimov qeyd etdi ki, Neft Daşları qəsəbə  nümayəndəliyi öz  işini  2018-ci il  üçün Pirallahı  rayon  İcra  Hakimiyyətinin  Başçısı  cənab Vasif  İmanovun təsdiq etdiyi iş  planı əsasında qurmuşdur. Natiq bildirdi ki, 2018-ci ilin yanvar ayından başlayaraq Mənzil Kommunal Təsərrüfatı Sahəsi və 4 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən qəsəbədəki inzibati və yaşayış binalarında carı təmir işləri aparılmış, ərazidə təmizlik-abadlıq işləri görülmüşdür. Heydər Əliyev parkında yaşıllığın qorunması və ağacların vaxtında suvarılmasına nəzarət edilmişdir. 2018-ci ildə “20 yanvar” faciəsi və “26 fevral Xocalı soyqırımı” hüzn günü ilə əlaqədar qəsəbədə anım mərasimləri keçirilmişdir. Novruz Bayramı, Gül bayramı, 20 sentyabr Neftçilərin peşə bayramı qəsəbədə qeyd olunmuş, tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil edilmişdir. Qeyd edildi ki, 2018-ci il ərzində Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə nümayəndəliyin əməkdaşları sahə müvəkkili ilə birlikdə mütəmadi olaraq reydlər keçirmiş və yoxlamalar aparmışdır. Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinə Pirallahı Rayon İcra Hakimiyyətindən və digər dövlət orqanlarından daxil olan  məktub, sərəncam, əmr və sorğuların icrası  vaxtında təmin edilmiş, aidiyyatı üzrə göndərilmişdir.
        Çıxışın sonunda Faiq Kərimov bildirdi ki, Neft  Daşları qəsəbə İƏD  üzrə  nümayəndəliyi bundan sonra da Pirallahı Rayon İcra Hakimiyyətinin  başçısının tapşırıq və tövsiyələrini “Neft Daşları” NQÇİ-in rəhbərliyi ilə birgə əldə rəhbər tutaraq qəsəbənin inkişafı və çiçəklənməsi üçün var gücü ilə çalışacaqdır.
      Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov öz çıxışında qeyd etdi ki, 2018-ci il ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Qeyd edildi ki, bununla paralel olaraq, respublikamızın bütün guşələrində, o cümlədən Pirallahı rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Görülmüş tədbirlər çərçivəsində Pirallahıda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
       Hesabata “Neft Daşları” NQÇİ-nin rəis müavinləri  Zeynalabdin Abdullayev və Saleh Yarmemmedov, “Neft Daşları” NQÇİ-nin baş mühəndisi Azer Rustemov, “Neft Daşları” NQÇİ-nin Həmkarlar ittifaqının sədri Hüseyn Əhmədov  tərəfindən münasibət bildirildi. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı. Sonra toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına dair hesabat   məruzəsi qənaətbəxş hesab olundu. Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.
 
 
Keçidlər