Şriftin ölçüsü :

Saytın rəngi :

“Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib

13 dekabr 2018 | 11:00
    Pirallahı Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, FHN-nin Dövlət Yanğın Nəzarəti və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətlərinin nümayəndələri, ictimaiyyət nümayəndələri, kommunal xidmət təşkilatlarının rəhbərləri, yerli icra və özünüidarəetmə orqanlarının təmsilçiləri iştirak etdilər.
    Tədbiri giriş sözü ilə açan RİH başçısı Vasif İmanov mövzunun təkcə qış mövsümündə deyil, ilboyu aktuallığını saxladığını bildirib. Natiq yanğından mühafizə istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinin, müvafiq maarifləndirmə işlərinin və aidiyyəti qurumların birgə fəaliyyətinin təşkilinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, mövsümə hazırlıqla əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Eyni zamanda, rayonun idarə və müəssisələrində, kommunal xidmət təşkilatlarında da mövsümə hazırlıqla bağlı tədbirlər planı hazırlanıb.
    Sonra “Bakı şəhərində yanğın hadisələrinə dair statistik məlumatlar”  mövzusunda   Bakı Regional Mərkəzinin Xəzər və Pirallahı Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, kapitan Vüsal Fətullayev, “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri” mövzusunda FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin nümayəndəsi Nizami Fərəcov, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər” mövzusunda  Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzusunda Bakı Regional Qaz İstismarı Departamentinin nümayəndəsi Ramil Bağırov,  “Baş vermiş yanğın hadisələri zamanı ictimai asayişin təşkili” mövzusunda Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev çıxış etdilər.
    Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov öz çıxışında qeyd etdi ki, belə müşavirələrin keçirilməsi artıq ənənəvi xarakter almışdır və FHN-lə yerli icra hakimiyyətlərinin və yerli özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyətini əlaqələndirməklə birgə fəaliyyətini müəyyən edir. Natiq bu cür tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, əsas məqsədin vətəndaşlarımızın həyat və sağlamlığının, dövlət əmlakının və xüsusi mülkiyyətin qorunmasına yönəldiyini vurğuladı. K. Bağırov çıxışını davam etdirərək qarşıda duran vəzifələr və onların həlli istiqamətində görüləcək işlərdən danışdı və sonda tədbirin təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirdi.
    Müşavirəyə yekun vuran V.İmanov yığıncaqda diqqətə çatdırılan tövsiyələrin icrasının təmin edilməsi məqsədilə aidiyyəti sahələr üzrə ciddi tədbirlərin görülməsini və nəzarətin gücləndirilməsini vurğulayaraq, müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, 2018-2019-cu illər üzrə payız-qış mövsümünün hadisəsiz və itkisiz başa vurulması üçün səylə çalışmağın vacibliyini diqqətə çatdırıb.
 
 
Keçidlər